Sosial şəbəkədə biz:

Qırğızıstan Azərbaycanla yanacaq tədarükü barədə razılığa gəlib

Qırğızıstan Azərbaycanla yanacaq tədarükü barədə razılığa gəlib
Xəbər Şəkli
31 July 2026, 15:54
İqtisadiyyat

Azərbaycan Qırğızıstana neft məhsullarının ixracına başlaya bilər. Bu barədə AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli xidməti olan "Azattyq Asia" Qırğızıstanın energetika naziri Altınbek Rısbekova istinadən məlumat yayıb. Rısbekovun sözlərinə görə, Bakı yanacaq tədarükünə hazır olduğunu bildirib və tərəflər artıq bununla bağlı müvafiq memorandum imzalayıblar.

Nazir tədarükün planlaşdırılan həcmi, yanacağın qiyməti, idxalın başlanma vaxtı və neft məhsullarının daşınma marşrutunu dəqiqləşdirməyib.

Bundan əvvəl Qırğızıstan Neft Treyderləri Assosiasiyasının rəhbəri Kanatbek Eşatov Azərbaycanla yanacaq tədarükü üzrə danışıqlar aparıldığını bildirmişdi. "Baku Energy Week" forumu çərçivəsində nazirlər səviyyəsində müzakirələr keçirilmişdi.

İyunun 10-dək Qırğızıstanın energetika naziri vəzifəsində çalışmış Taalaybek İbrayev də ölkəsinin Azərbaycandan idxal edəcəyi neft məhsullarının həcmini ayda 20-30 min tona çatdırmağı planlaşdırdığını bildirmişdi.

"Azattyq Asia" yazır ki, Rusiyada yanacaq böhranının dərinləşməsi fonunda Bişkek neft məhsulları üçün alternativ təchizatçılar axtarır. Bu məqsədlə Çin, Qazaxıstan və Belarusla da danışıqlar aparılıb.

Qırğızıstan ildə təxminən 2 milyon ton yanacaq-sürtgü materialı istehlak edir. Bunun 95 faizi Rusiyadan idxal olunur. Ölkə Rusiyadan benzin, dizel yanacağı, aviasiya yanacağı, bitum və xam neft alır.