Sosial şəbəkədə biz:
Qiymət artımı sürətli templə davam edəcək
Xəbər Şəkli

Qiymət artımı sürətli templə davam edəcək

31 March 2026, 16:00
İqtisadiyyat

"Neftin bahalaşması neft istehsalçı ölkələrə, o cümlədən Azərbaycana müsbət təsir göstərir".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a dünya bazarında neftin qiymətinin kəskin artmasının ölkəmizə təsirindən danışarkən deyib.

İqtisadçının sözlərinə görə, neft gəlirlərimiz artır, valyuta daxilolmaları yüksəlir. Lakin bu prosesin əks tərəfi də var. Azərbaycan eyni zamanda idxalçı ölkədir və bir çox məhsullar xaricdən gətirilir. Təkcə ötən il idxalın həcmi təxminən 20 milyard dollara yaxın olub:

"Neftin bahalaşması qlobal miqyasda qiymət artımını stimullaşdırır. Bu, yalnız enerji ilə məhdudlaşmır - mal və xidmətlərin, ərzaq və qeyri-ərzaq məhsullarının, metalların və digər xammalların qiyməti də yüksəlir. Paralel olaraq sığorta və logistika xərcləri də artır".

Natiq Cəfərli bildirib ki, nəticədə, bir tərəfdən ölkəyə daxil olan neft gəlirləri artsa da, digər tərəfdən idxal olunan məhsulların bahalaşması daxili bazara təsir edir. Bu isə inflyasiyanın yüksəlməsinə gətirib çıxarır:

"Yaxın həftələrdə Azərbaycanda qiymət artımının daha sürətli templə davam etməsi ehtimalı yüksəkdir".