Qızıl niyə ucuzlaşır? | ŞƏRH
Müharibə fonunda qızıl bazarı: ənənəvi “təhlükəsiz liman” niyə zəifləyir?
Qlobal bazarlarda ənənəvi olaraq geosiyasi risklər zamanı bahalaşan qızıl bu dəfə fərqli mənzərə yaradır. İran ətrafında müharibənin davam etməsinə baxmayaraq, qiymətli metal ucuzlaşma trendinə daxil olub.
Fevralın 22-də bir unsiya üzrə 5 626 dollarla tarixi maksimuma çatan qızıl, ABŞ və İsrailin fevralın 28-də İrana zərbələrindən sonra sürətlə dəyər itirib. Qiymətlər qısa müddətdə 4 128 dollara qədər geriləyib və hazırda təxminən 4 290 dollar səviyyəsində formalaşır.
İnvestorlar qeyri-müəyyənlik dövründə vəsaitlərini adətən “təhlükəsiz liman” hesab edilən aktivlərə yönəldir. Lakin hazırkı vəziyyətdə bu amil bazara dominant təsir göstərə bilməyib.
Əsas səbəb enerji bazarında yaranan şok və onun makroiqtisadi nəticələridir. İranın Hörmüz boğazı üzərindən neft tədarükünə təsir göstərməsi qiymətlərinin kəskin artımına səbəb olub. Bu fonda neft qiymətləri qısa müddətdə 60 dollardan 119 dollara qədər yüksəlib. Bu isə qlobal inflyasiya ehtimallarını gücləndirib.
İnflyasiya risklərinin artması fonunda aparıcı mərkəzi bankların monetar siyasətinə dair gözləntilər dəyişib. İndi daha çox monetar sərtləşmə, faizlərin daha uzun müddət yüksək səviyyədə saxlanacağı ehtimalı güclənib.
Məhz bu məqam qızıl bazarı üçün həlledici rol oynayır. Qızıl faiz gəliri gətirmədiyi üçün real faizlərin yüksəlməsi onun cəlbediciliyini azaldır. İnvestorlar bu şəraitdə daha çox gəlir verən aktivlərə üstünlük verirlər.
Eyni zamanda, sərt monetar siyasət gözləntiləri ABŞ dollarını gücləndirir. Dolların möhkəmlənməsi isə qızılı digər valyutalar üçün daha bahalı edir və tələbi zəiflədir. Bu da qiymətlərə əlavə təzyiq yaradır.
Hazırda bazar iştirakçıları üçün əsas sual enerji təchizatının taleyi ilə bağlıdır. Əgər Hörmüz boğazında vəziyyət sabitləşər və neft qiymətləri aşağı düşərsə, inflyasiya təzyiqi zəifləyə bilər. Bu halda qızıl yenidən güclənə bilər.
Lakin münaqişə uzanarsa və enerji qiymətləri yüksək qalarsa, yüksək faiz mühiti və güclü dollar fonunda qızılın ucuzlaşması davam edə bilər. AzVision.az