Rusiyadakı böhran Azərbaycana necə təsir edəcək?
Rusiyada yanacaq qıtlığı ilə bağlı narahatlıqların artması və qlobal enerji bazarında müşahidə olunan qeyri-sabitlik region ölkələri üçün də yeni risklər yaradır. Yanacaq tədarükündə yaranan problemlər, qiymət dalğalanmaları və geosiyasi gərginliklər fonunda bu proseslərin Azərbaycana mümkün təsirləri də müzakirə olunur. Bəs yaranmış vəziyyət ölkəmizin yanacaq bazarına və qiymətlərə necə təsir edə bilər?
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyada baş verən proseslərin, o cümlədən yanacaq bazarında yaranan gərginliyin Azərbaycana birbaşa təsiri olmayacaq:
“Lakin bunun müəyyən dolayı təsirləri mümkündür. Doğrudur, Azərbaycan müəyyən dövrlərdə Rusiyadan premium, bəzən isə Aİ-92 markalı benzin idxal edir. Ancaq son illərdə ölkədə yanacaq istehsalı bərpa olunub və hazırda daxili bazarın əsas tələbatını SOCAR qarşılayır. Yəni yerli istehsal imkan verir ki, yanacaq təminatının əhəmiyyətli hissəsi ölkə daxilində ödənilsin. Buna görə də Rusiyada baş verən proseslərin Azərbaycanda yanacaq qıtlığı yaradacağını gözləmirəm. Lakin məsələyə yalnız yanacaq idxalı prizmasından baxmaq düzgün olmaz. Əgər Rusiyada problemlər dərinləşərsə, bu, logistika və nəqliyyat sahəsinə də təsir göstərəcək. Azərbaycan kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsini Rusiyaya ixrac edir. Eyni zamanda qeyri-neft ixracımızın təxminən üçdə biri də Rusiya bazarının payına düşür”.
O bildirib ki, Rusiyada logistika və nəqliyyat problemlərinin yaranması, yaxud daşıma xərclərinin artması Azərbaycan məhsullarının həmin bazara çatdırılmasını çətinləşdirə bilər:
“Məsələn, yanacaq çatışmazlığı səbəbindən yükdaşımalarda fasilələr yarana və nəticədə daşınma xərcləri arta bilər. Bu isə Rusiya bazarından asılı olan Azərbaycan biznesləri üçün əlavə maliyyə yükü deməkdir. Digər tərəfdən, Rusiyada enerji bazarında yaranan böhran və neft hasilatının azalması dünya bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bu isə Azərbaycan üçün müəyyən mənada müsbət amildir. Əgər neftin qiyməti artarsa, ölkəmiz bundan dövlət gəlirləri baxımından faydalana bilər. Lakin bu, vətəndaşların birbaşa qazancı anlamına gəlmir. Əksinə, Rusiyada iqtisadi problemlərin dərinləşməsi həmin ölkədə alıcılıq qabiliyyətini zəiflədə bilər ki, bu da Azərbaycanın ixracına mənfi təsir göstərəcək. Rusiyada baş verən proseslər Azərbaycanda yanacaq qıtlığı yaratmayacaq. Əsas risklər logistika və daşıma xərclərinin artması, həmçinin Rusiyadan idxal olunan məhsulların bahalaşması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ümumi idxalının təxminən 16-17 faizi Rusiyanın payına düşür. Buna görə də nəqliyyat və logistika xərclərinin artması Rusiyadan gətirilən məhsulların qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bununla yanaşı, əgər bu proseslər dünya bazarında neft qiymətlərinin artımına gətirib çıxararsa, bu, Azərbaycan iqtisadiyyatı üçün müəyyən müsbət nəticələr də yarada bilər”.