Sığorta bazarında rekord artım: Bəs etimad niyə zəifdir?
Sığorta bazarında son illər müşahidə olunan artım bu sahəyə marağın yüksəldiyini göstərsə də, ekspertlər hesab edir ki, Azərbaycanın sığorta sektoru hələ də inkişaf potensialını tam reallaşdırmayıb.
Rəsmi statistikaya görə, 2022–2025-ci illərdə ölkədə toplanmış sığorta haqları 55 faiz artaraq 971 milyon manatdan 1,5 milyard manata çatıb, sığorta ödənişlərinin həcmi isə iki dəfədən çox yüksəlib. Bununla yanaşı, sığorta penetrasiyası hələ də 1,17 faiz səviyyəsində qalır ki, bu da inkişaf etmiş bazarlarla müqayisədə aşağı göstərici hesab olunur.
Bəs sığorta haqlarının artması əhalinin bu sahəyə etimadının yüksəlməsindən xəbər verir, yoxsa inflyasiya və qiymət artımlarının təsiridir? Azərbaycanda sığorta bazarının inkişafını məhdudlaşdıran əsas amillər hansılardır? Sığorta penetrasiyasının aşağı qalmasının səbəbləri nədir?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Bu göstəricilər ümumilikdə sığorta bazarında müəyyən inkişafın baş verdiyini göstərir. Amma artımı yalnız əhalinin sığortaya etimadının yüksəlməsi ilə izah etmək düzgün olmaz. Burada həm iqtisadi, həm də inzibati amillər mühüm rol oynayır.
Biricisi, son illərdə müşahidə olunan sığorta haqları artımının bir hissəsi inflyasiya və xidmət qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Məsələn, avtomobillərin, daşınmaz əmlakın və tibbi xidmətlərin dəyəri artdıqca sığorta məbləğləri və nəticə etibarilə sığorta haqları da yüksəlir. Bundan əlavə, icbari sığorta növləri üzrə nəzarətin gücləndirilməsi bazarın həcmində artıma səbəb olub.Vətəndaş bilir ki, sığorta etməyəndə cəzlandırılacaq. Yəni bazarın böyüməsi tam şəkildə könüllü tələbin və ya etimadın artmasının göstəricisi deyil".
Ekspert qeyd edib ki, sığorta ödənişlərinin həcminin iki dəfədən çox artması müəyyən mənada müsbət siqnaldır:" Çünki vətəndaşlar sığorta hadisəsi baş verdikdə ödəniş ala bildiklərini gördükcə sektora inam da formalaşır. Amma etimad səviyyəsinin tam yüksəldiyini söyləmək hələ tezdir. Bir çox hallarda vətəndaşlar ödəniş proseslərinin uzun çəkməsindən, bəzi zərərlərin müxtəlif əsaslarla təminat xaricində saxlanılmasından və mürəkkəb prosedurlardan narazılıq edirlər".
Asif İbrahimov qeyd edib ki, sığorta haqlarının ÜDM-də payının cəmi hələ də 1,17 faiz səviyyəsində qalmasının bir neçə əsas səbəbi var:"Birincisi səbəb əhalinin gəlir səviyyəsi hələ də inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. İnsanlar ilk növbədə gündəlik istehlak, kommunal xərclər və kredit öhdəliklərini qarşılamağa üstünlük verirlər. Bu şəraitdə sığorta bir çox ailələr üçün prioritet xərc hesab edilmir. İkincisi səbəb maliyyə savadlılığının yetərli səviyyədə olmamasıdır. Əhalinin əhəmiyyətli hissəsi sığortanı risklərin idarə olunması vasitəsi kimi deyil, əlavə və bəzən lazımsız xərc kimi qəbul edir. Xüsusilə həyat, əmlak və kənd təsərrüfatı sığortaları üzrə maarifləndirmə hələ də zəifdir. İqtisadi artım tempi və tətbiq edilən iqtisadi model belə davam edərsə, zəif qalmasına təəccüblənməmliyik.
Üçüncü səbəb bazarın strukturunda könüllü sığorta növlərinin payı məhduddur. İnkişaf etmiş ölkələrdə bazarın əsas hissəsini həyat sığortası, pensiya məhsulları və uzunmüddətli investisiya xarakterli sığortalar təşkil etdiyi halda, Azərbaycanda bazar daha çox icbari avtomobil və əmlak sığortalarına söykənir.Bunu da heç kim öz xoşu ilə etmir.
Dördüncüsü isə qeyri-rəsmi iqtisadiyyatın həcmi də ciddi təsir göstərir. Gəlirlərin və aktivlərin bir hissəsi rəsmi dövriyyədən kənarda olduğu üçün həmin aktivlərin sığortalanmasına maraq aşağı olur".
İqtoisadçı hesab edir ki, sığorta bazarının daha sürətli inkişafı üçün ilk növbədə əhalinin maliyyə savadlılığının artırılması, könüllü sığorta məhsullarının çeşidinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişaf etdirilməsi və ödəniş proseslərində şəffaflığın gücləndirilməsi vacibdir. Eyni zamanda, həyat sığortası və korporativ sığorta məhsulları üzrə vergi təşviqlərinin genişləndirilməsi bazarın dərinləşməsinə ciddi təkan verə bilər.
Qısaca desəm, son illərdəki artım sığorta sektorunun inkişaf etdiyini göstərsə də, bu artımın əsas hissəsi hələlik inflyasiya, aktivlərin bahalaşması və icbari sığorta mexanizmlərinin geniş tətbiqi ilə bağlıdır. Sığorta haqqlarının aşağı qalması isə bazarın hələ tam formalaşmadığını və böyük inkişaf potensialının mövcud olduğunu göstərir".