Slovakiyadan hansı məhsulları alırıq və həmin ölkəyə nə satırıq? - DEPUTAT
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələlərinə də xüsusi yer ayrıldı. Prezidentlərin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.
Azərbaycan ilə Slovakiya arasında illik ticarət dövriyyəsi 2025-ci ildə 42.6 milyon dollar olub. Slovakiyadan 41.9 milyon dollarlıq məhsul idxal etmişik və sözügedən ölkəyə ixracımız 700 min dollara yaxın olub. Göründüyü kimi, Slovakiya ilə ticarətin əhəmiyyətli hissəsi idxal üzərində qurulub.
Bəs, Slovakiyadan hansı məhsulları alırıq və həmin ölkəyə nə satırıq?
Slovakiya ilə Azərbaycan arasında 372 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Slovakiyadan idxal etdiyimiz əsas məhsullara gəldikdə isə, minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan nəqliyyat vasitələri (11 milyon 500 min dollar), mühərrikinin həcmi 3000 kub sm-dən çox olan minik avtomobilləri (7 milyon 583 min dollar), mərkəzi istilik qazanları (3 milyon 673 min dollar), elektrik nəqliyyat vasitələri (2 milyon 420 min dollar), dişlərin təmizlənməsi üçün vasitələr (2 milyon 219 min dollar), kağız və kartondan hazırlanmış qatlanan yeşiklər və qutular (1 milyon 106 min dollar), porşenli daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir (1 milyon 34 min dollar).
Azərbaycanın Slovakiyaya ixracında diqqəti çəkən məqam iş adamlarımızın ötən il sözügedən ölkəyə 47 ədəd minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, daxili yanma mühərrikli nəqliyyat vasitələri satmasıdır. Bu məhsul üzrə ticarət məbləği 540 min dollar olub. Digər ixracatımız isə meyvə şirələri, araq və qida məhsullarıdır.
Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Bunun özünü ticarət dövriyyəsində də göstərəcəyi istisna edilmir.
Vüqar Bayramov, millət vəkili