SOCAR-ın Gürcüstanda qaz satışları son 3 ilin ən aşağı həddinə düşdü
“SOCAR Energy Georgia” şirkətinin törəmə müəssisəsi olan “SOCAR Georgia Gas”ın 2024-cü ilin yanvar-sentyabr ayları üzrə Gürcüstanda istehlakçılara satdığı təbii qaz həcmi 1,557 milyard m³ təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalma deməkdir və son 3 ilin ən aşağı istehlak səviyyəsidir.
Şirkətin rəsmi statistikasına görə, ötən ilin 9 ayında satışların 458,4 milyon
m³ ev təsərrüfatlarına (əhali qrupu), 1,09 milyard m³ isə kommersiya (qeyri-əhali) qurumlarına olub. Ev təsərrüfatları və kommersiya qrupları üzrə ayrı-ayrı göstəricilər də əhəmiyyət kəsb edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ev təsərrüfatları üzrə istehlak 3 faiz artsa da, kommersiya sektorunda 14,5 faiz azalma var.
“SOCAR Georgia Gas”ın Gürcüstanda 2022-ci ildə pərakəndə qaz satışları ən yüksək həddə olub – 2,631 milyard m³. Xüsusilə, həmin dövrdə kommersiya sektorunda qaz istehlakı 26,4 faizdən çox artıb.
Bununla belə, 2023-cü ildə azalma tendensiyası müşahidə olunmağa başlayıb və 2024-cü ildə bu azalma davam etməkdədir.
Qaz istehlakında azalma daha çox qeyri-əhali qrupunda müşahidə edilir. Məsələn, 2023-cü ildə Azərbaycan şirkətinin pərakəndə qaz satışı ondan əvvəlki illə müqayisədə 8,7 faiz aşağıdır. Ev təsərrüfatları üzrə istehlak 1,8 faiz artsa da, kommersiya sektorunda 11,6 faiz azalıb.
Bu azalma tendensiyasının əsas səbəblərindən biri Gürcüstanda alternativ enerji mənbələrinin genişləndirilməsidir. Xüsusilə sənaye və ticarət sektorunda enerji sərfiyyatının optimallaşdırılması və alternativ enerji mənbələrinə keçidlə əlaqədar qaz istehlakını əhəmiyyətli dərəcədə aşağı salıb. Müqayisə üçün, Gürcüstan Statistika Komitəsinin məlumatına görə, 2022–2024-cü illər ərzində bərpa olunan enerji mənbələrindən enerji istehsalı 5 faiz artıb. Günəş enerjisi isə 2024-cü ildə hələ ki, ümumi enerji balansında çox kiçik bir paya sahib olsa da, son illər bu sahədə əhəmiyyətli artım tendensiyası baş verib.
Qeyd edək ki, “SOCAR Georgia Gas” Gürcüstanın əsas qaz təchizatçılarından biridir və ölkədə həm əhali, həm də qeyri-əhali qrupu üzrə geniş istehlakçı bazasına xidmət göstərir. Şirkətin məlumatına görə, hazırda 870 mindən çox abonenti var.
SOCAR yalnız Gürcüstanda deyil, digər ölkələrdə də qaz paylayıcı xidmətləri göstərir. Məsələn, Türkiyədə paya sahib olduğu “Kayserigaz” 660 min, “Bursagaz” isə 1,2 milyondan çox abonentə xidmət həyata keçirir. Meydan.Tv