Yaşı 7 ildən çox olan avtomobillərə aksiz vergisi artırılır
2026-cı ildən Azərbaycana gətirilən istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz vergisi artırıla bilər. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana gətirilən minik avtomobillərinin istehsal tarixi 7 ildən çox olduqda mühərrikin həcminə görə hesablanmış aksiz məbləği 1.5 (benzin) və 2 (dizel) əmsalına vurulacaq. Hazırda bu əmsal, müvafiq olaraq, 1.2 və 1.5-ə bərabərdir.
Rəsmilər bu addımı ölkəyə daha çox yeni avtomobillərin gətirilməsinə təkan verilməsi kimi izah edirlər. Sosial şəbəkələrdə bunu dəyərləndirən ayrı-ayrı vətəndaşlar isə vurğulayırlar ki, ölkəyə neft pullarının gəlişi azaldıqca, hökumət vergiləri, aksiz dərəcələrini artırmaq yolunu tutub.
Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda hər kubsantimetrinə görə 0.30 manat, 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat hesablanır.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 min 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, 5000 kubsantimetrdən çox olduqda 53 min 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün isə hər kubsantimetrə görə 70 manat müəyyən edilir.
Xatırlatma
Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı gözlənilir. Layihədə 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43.8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8.5 faiz çoxdur.