Sosial şəbəkədə biz:
9 milyon vergi borcu olan zavodda 1,3 milyon manat qalmaqalı
Xəbər Şəkli

9 milyon vergi borcu olan zavodda 1,3 milyon manat qalmaqalı

15 November 2025, 10:26
Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Tələbat qabları” ASC işi ilə bağlı növbəti açıq məhkəmə prosesi keçirilib. Prosesdə ASC rəhbəri Təyyar Şükürovun şikayəti əsasında həbs edilən sex müdiri Təsviri Axundov və ASC-də baş usta işləyən Vasili Xoxlov ifadə veriblər. 

Zavodun direktoru Təyyar Şükürov iddia edir ki, təqsirləndirilən şəxslər – Təsviri Axundov və Vasili Xoxlov ASC-yə məxsus qəlibləri oğurlayaraq satıblar, nəticədə isə zavoda 1,3 milyon manat ziyan dəyib. Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmirlər. Təsviri Axundov deyir ki, o zavodun ərazisində olan köhnə və yararsız dəmirləri, dəmirəritmə sexlərindən birinə satıb, ümumilikdə 5 min manat pul alıb. Bunu həmin sexin rəhbəri də istintaqa verdiyi ifadədə təsdiqləyib.

Baş usta Vasili Xoxlov isə ümumiyyətlə özünü günahsız sayır və zavod ərazisindən hər hansı qəlib və dəmirlərin kimin və nə zaman aparmasından məlumatsız olduğunu deyir. O bildirib ki, ASC rəhbəri Təyyar Şükürov ona “vanna” hazırlamaq üçün tapşırıq verib. O da, işi icra etmək istəyərkən qəlibləri yerində tapa bilməyib və dərhal direktorun müavinlərinə məlumat verib, bu barədə müdiri xəbərdar etmələrini xahiş edib. Məhz bundan sonra Təyyar Şükürov polisə müraciət edib və qəliblərin axtarışına başlanılıb. Onun sözlərinə görə həbsi üçün heç bir fakt və prosesual əsas olmayıb, yalnız axtarış başlandıqdan sonra Təsviri Axundov ifadəsində onun da adını çəkib. O, konkret olaraq şərə və böhtana məruz qaldığını deyib. 

Təsviri Axundov isə deyib ki, həbsindən öncə Təyyar Şükürov onu otağına çağırıb. Orada Təyyar Şükürovun SOCAR-da mühüm  vəzifə tutan və zavoda heç bir aidiyyəti olmayan oğlu tərəfindən təhqirə, ağır işgəncələr məruz qalıb, ölümcül döyülüb, hətta polisə aparılanda belə üz-gözündə ağır xəsarət izləri olub. Onun sözlərinə görə, plisə aparıldıqdan sonra da işgəncələrə məruz qalıb, Təyyar Şükürovla yaxın əlaqəsi olan müstəntiq Cavid Əhmədov işi böyütmək üçün ondan başqalarının da adını çəkməyi tələb edib. O da, təhdid və işgəncələrə dözməyərək bir neçə şəxsin, həmçinin bu işdə heç bir günahı olmayan Vasili Xoxlovun da adını çəkib. Bundan sonra müstəntiq adı çəkilən şəxsləri dindirib, hamısını sərbəst buraxsa da, Vasili Xovlovun Təsviri Axundovla birgə həbsi ilə bağlı məhkəməyə təqdimat verib və hər iki şəxs barəsində Sabunçu Rayon Məhkəməsi 2024-cü il oktyabrın 5-də 4 aylıq həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxslər 1 ildən artıqdır ki, həbsdə qanunsuz saxlandıqlarını deyirlər. 

Təsviri Axundov bildirib ki, Təyyar Şükürovun dövlətə 9 milyon manat vergi borcu var. Həmin pulun da bir hissəsini bu cür yollarla ondan qoparmağa çalışır. O qəliblərin oğurlandığına da inanmır. Deyir ki, çox güman Təyyar Şükürov və oğlu həmin qəlibləri başqa sexə daşıyıblar. Sadəcə onu şərləməklə diqqəti zavoddakı qanunsuzluqlardan yayındırmağa çalışır. O baş prokurorluğa müraciət edərək, Təyyar Şükürovun və zavoddakı qanunsuzluğun araşdırılmasını xahiş edir. 

Təyyar Şükürovun keçmişinin qaranlığ olduğunu deyən Təsviri Axundov bildirib ki, o illər öncə “Barmek” şirkətinin Azərbaycandan qovulan rəhbəri, türküyəli iş adamı Hüseyn Arabulun müavini olub, yol verdiyi qanunsuzluqlara görə həbs olunub. Bir müddət sonra “NJT-2000” adlı zavodun direktoru olub, amma yol verdiyi qanunsuzluqlara görə yenidən həbs olunub, zavodun fəaliyyəti isə dayandırılıb. Həbsdən çıxdıqdan sonra Təyyar Şükürov Ukraynaya gedərək Belaya Çerkov şəhərində Xropaçanskaya 70 ünvanında “R-Plas” adlı zavod açıb. Orada da qanunsuzluqlara yol verdiyi üçün məsuliyyətə cəlb edilib.

Azərbaycana qayıdan Şükürov “Bakı Tələbat qabları” zavodunu açıb. Axundovun sözlərinə görə, zavodun hər tərəfində kameralar var, əgər oğurluq faktı olsaydı, mütləq kameralara düşərdi. 

Onun vəkilləri ASC rəhbərinə suallar ünvanlayaraq qəliblərin qiymətinin və dəymiş ziyanın hansı əsasla 1,3 milyon olduğunu dəqiqləşdirməyə çalışıblar. Vəkillər qəlibləri haradan və neçəyə alındığını da soruşublar. Təyyar Şükürov qəlibləri Almaniyadan aldığını deyib. Hakim ASC rəhbərindən qəliblərin qiyməti və ölkəyə gətirilməsi ilə bağlı qəbz və gömrük bəyənnaməsi tələb etsə də, Təyyar Şükürov “mənim sözüm sənəddir” deyərək hər hansı bir sənəd təqdim etməkdən imtina edib. Bu da, zalda gülüşə səbəb olub.
 

Vəkillər hakimə bildiriblər ki, ASC rəhbərinin şikayəti şübhəli və əsassızdır. Çünki o, əvvəlcə zavoda 1,7 milyon manat ziyan dəydiyini deyib, sonradan bu rəqəm 1,3 milyon manata endirilib. Təsviri Axundov deyib ki, bu cinayət işi deyil, Təyyar Şükürovla Cavid Əhmədovun birgə hazırladıqları film ssenarisidir. 

Yeri gəlmişkən məhkəmədə o da vurğulanıb ki, işi aparan müstəntiq Cavid Əhmədov bir müddət öncə yol verdiyi qanunsuzluqlara və rüşvət aldığına görə vəzifəsindən uzaqlaşdırılıb. 

Proses noyabrın 19-da davam etdiriləcək.