Sosial şəbəkədə biz:
Bakıda 16 milyonluq dələduzluq edən şəxslə bağlı QƏRAR
Xəbər Şəkli

Bakıda 16 milyonluq dələduzluq edən şəxslə bağlı QƏRAR

12 May 2026, 08:16
Kriminal

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Xaliq Balayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Xaliq Balayev işgüzar əlaqələrindən və qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) etibarını qazanıb, ona Rusiyada iri tikinti layihələrinə investisiya yatırılması müqabilində milyonlarla dollar gəlir əldə ediləcəyini vəd edib və nəticədə ümumilikdə 10 000 000 ABŞ dollarını (16 270 000 manat) ələ keçirib.

 

Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxs 2013-cü ildən biznes ortağı olduğu tanışı vasitəsilə 2016-cı ilin əvvəlində zərərçəkmiş şəxslə tanış olub. O, D.D.-nin geniş maliyyə imkanlarına malik olduğunu bildikdən sonra əvvəlcədən hazırladığı plan əsasında onun pul vəsaitlərini ələ keçirmək qərarına gəlib.

 

İttihama görə, Xaliq Balayev zərərçəkmişə Rusiya Federasiyasının Moskva vilayətində həyata keçirilən iri həcmli tikinti layihələrini təqdim edib. Bunlardan biri Mıtışinski rayonunun Piroqovka kəndində yerləşən, ümumi sahəsi 320 min kvadratmetr olan və 20 ədəd 9 mərtəbəli binadan ibarət “Piroqovskaya Rivyera” yaşayış kompleksi, digəri isə Odintsovski rayonunun Novıye Javoronki kəndində yerləşən, ümumi sahəsi 130 min kvadratmetr olan və 12 ədəd 5 mərtəbəli binadan ibarət “Akkord-Smart kvartal” yaşayış kompleksi olub. 

 

Təqsirləndirilən şəxs həmin layihələrin yüksək gəlir gətirəcəyini bildirərək zərərçəkmişi 10 000 000 ABŞ dolları məbləğində investisiya qoymağa razı salıb. O, vəd edib ki, yatırılacaq vəsait nəticəsində 18 000 000 ABŞ dolları həcmində qazanc əldə olunacaq. İstintaqın qənaətinə görə, bu vədlər əvvəlcədən hazırlanmış aldatma planının tərkib hissəsi olub.

 

Materiallarda qeyd olunur ki, ilk pul vəsaiti 2016-cı ilin fevral ayında Moskva şəhərində yerləşən “Yevropeyskiy” ticarət və əyləncə mərkəzindəki ofisdə verilib. Həmin vaxt D.D təqsirləndirilən şəxsə 2 000 000 ABŞ dolları təqdim edib.

 

Daha sonra 2016-cı ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ərazidə zərərçəkmişə məxsus daha 3 000 000 ABŞ dolları Xaliqin tapşırığı ilə onun biznes ortağına verilib.

 

İstintaq materiallarına əsasən, sonuncu ödəniş isə 2017-ci ildə yenidən Moskva şəhərindəki “Yevropeyskiy” ticarət mərkəzində yerləşən ofisdə həyata keçirilib. Bu dəfə zərərçəkmiş şəxs əlavə olaraq 5 000 000 ABŞ dolları təqdim edib.

 

Beləliklə, Xaliq müxtəlif mərhələlərdə ümumilikdə 10 000 000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 16 270 000 manat məbləğində pul vəsaitini ələ keçirib

 

İttihama görə, təqsirləndirilən şəxs əldə etdiyi vəsaitin cinayət yolu ilə mənimsənildiyini bildiyi halda həmin pulların həqiqi mənbəyini gizlətmək və onlara qanuni görünüş vermək məqsədilə geniş maliyyə əməliyyatları həyata keçirib.

 

Belə ki, o, faktiki rəhbəri və təsisçisi olduğu, Moskva şəhərində yerləşən MMC vasitəsilə sözügedən vəsaitləri tikinti layihələrinə yönəldib. Şirkətin fəaliyyət istiqamətinə yaşayış binaları, sənaye obyektləri, magistral yollar və digər tikinti işləri daxil olub.

 

İstintaq hesab edir ki, dələduzluq yolu ilə əldə edilmiş vəsaitin bir hissəsi müxtəlif üsullarla Rusiyaya köçürülüb, daha sonra həmin pullar ABŞ dollarından rus rubluna konvertasiya edilərək çoxsaylı bank əməliyyatları və müqavilələr vasitəsilə leqallaşdırılıb.

 

Materiallarda göstərilir ki, “Akkord-Smart kvartal” layihəsi çərçivəsində 4 ədəd beşmərtəbəli bina tikilərək istifadəyə verilib və həmin mənzillər müxtəlif şəxslərə satılıb. Eyni zamanda “Piroqovskaya Rivyera” layihəsi çərçivəsində isə 10 ədəd doqquzmərtəbəli və 2 ədəd altımərtəbəli bina inşa olunub, yaşayış və qeyri-yaşayış sahələri ayrı-ayrı şəxslərə satılıb.

 

İstintaqın versiyasına görə, bu satışlar və tikinti layihələri vasitəsilə cinayət yolu ilə əldə edilmiş vəsaitlər dövriyyəyə daxil edilərək onların qanuni mənşəli olması görüntüsü yaradılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaliq Balayev Cinayət Məcəlləsinin 2017-ci ilədək qüvvədə olmuş 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) və 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) ilə təqsirli bilinib.

 

Məhkəmənin hökmünə əsasən, ona dələduzluq maddəsi ilə 8 il, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddəsi ilə isə 2 il müddətinə tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Daha sonra cəzalar qismən toplanılaraq təqsirləndirilən şəxsə qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

 

Hökmə görə, Xaliq Balayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə tərəfindən bir sıra daşınmaz əmlakların xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilməsi barədə qərar qəbul edilib.

 

Müsadirə olunan əmlaklar sırasında Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən fərdi yaşayış evləri, mənzillər, torpaq sahələri və qeyri-yaşayış obyektləri də var. Eyni zamanda bəzi torpaq sahələri və qeyri-yaşayış obyektləri üzrə üzərinə qoyulmuş həbsin götürülməsi barədə də qərar qəbul olunub.

 

Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi hökmün nəticəvi hissəsindəki anlaşılmazlıqların aradan qaldırılması ilə bağlı ayrıca qərar qəbul edib və müsadirə olunan əmlakların reyestr nömrələri dəqiqləşdirilib.

 

Qiyabi qaydada çıxarılmış hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiə tərəfi hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsini istəyib.