“Bravo”ya silahlı basqına görə həbsdə olan şəxs aclıq edir
Paytaxtın Əhmədli qəsəbəsində “Bravo” hipermarketində bir nəfərin ölümü, daha birinin yaralanması ilə nəticələnən silahlı basqına görə həbsdə olan şəxslərdən biri – 19 il azadlıqdan məhrum edilmiş Azər Məmmədov aclıq aksiyası keçirir.
Umbakı Penitensiar Müəssisəsində saxlanılan Azər Məmmədov 10 gündür ki, aclıq edir. Atası Ağasalam Məmmədov bildirib ki, oğlunun tələbi işinin obyektiv baxılması və ədalətli qərar verilməsidir. Onun sözlərinə görə, Azər Məmmədov “Bravo”ya silahlı hücuma aidiyyəti olmadığını deyir.
“Bravo”ya silahlı hücuma görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə basqında iştirak etmiş Dəyanət Qüdrətov ömürlük, digər təqsirləndirilən şəxslərdən Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay azadlıqdan məhrum edilib.
Silahlı basqının digər iştirakçısı, hadisədən sonra tutularkən əməliyyat zamanı silahlı müqavimət göstərən və öldürülən Ruhlan İsmayılovun atası Rövşən İsmayılov 5 il, dayısı Babək İsgəndərov isə 3 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmdən verilən apellyasiya şikayəti də təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin şikayətinə hakim Emin Mehdiyevin sədrliyilə baxılıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Azər Məmmədov apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Atasının bildirdiyinə görə, Azər Məmmədov fevralın 8-dən aclığa başlayıb. Ondan sonra ailəsilə telefon əlaqəsi hüququ məhdudlaşdırılıb, özü də “karsa” salınıb.
“O vaxtdan sonra yalnız fevralın 17-də telefonla danışa bildik. Azərin istədiyi budur ki, işinə düzgün baxılsın”, - deyə Ağasalam Məmmədov bildirib.
Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində Ruhlan İsmayılov və Dəyanət Qüdrətov tərəfindən törədilən silahlı hücum 2023-cü il martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə hipermarketin girişində bankomata pul yükləyən inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şaydayev isə yaralanıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumata görə, cinayəti törədən Ruhlan İsmayılov axşam saat 21.00 radələrində olduğu evdə saxlanılanda polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
İttihama əsasən, hadisədən sonra Azər Məmmədov Ruhlan İsmayılovu avtomobili ilə aparıb.
Azər Məmmədov isə məhkəmədə ifadəsində bildirib ki, Ruhlan İsmayılov zəng edərək, özünü pis hiss etdiyini, zəhərləndirini deyib və gəlib kömək etməsini xahiş edib. Onun sözlərinə görə, bu səbəbdən gedib, onu aparıb.
Dəyanət Qüdrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 (bir qrup şəxs tərəfindən, ümumi təhlükəli üsulla və quldurluq niyyətilə qəsdən adam öldürmə), 29, 120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri, Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova isə bu cür cinayətlərdə iştirakçılıqla bağlı ittihamlar irəli sürülüb.
Ruhlan İsmayılovun atası və dayısına qarşı isə qanunsuz silah saxlama ilə bağlı ittiham verilib. Bizimyol