Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən “Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, “Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidov bir neçə şəxsin etibarından sui-istifadə edərək tur paketləri və viza dəstəyi hazırlayacağı vədi ilə külli məbləğdə vəsaitləri ələ keçirməkdə təqsirli bilinib.
İş materiallarına əsasən, Xəyal Həmidov vəzifə mövqeyindən istifadə etməklə müxtəlif şəxsləri aldadaraq onların pul vəsaitlərini ələ keçirib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham verilib.
Belə ki, Xəyal Həmidov ilk olaraq tanışı olan zərərçəkmiş şəxslərdən birinə İqtisadiyyat Universitetinin rəhbərliyinin Dağıstan Respublikasında keçiriləcək Yeni il şənliyi proqramında iştirakının təşkili üçün tur paketi hazırlayacağını, bu işdən birlikdə qazanc əldə edəcəklərini vəd edib. Etibarını qazandığı şəxsdən 18 dekabr 2023-cü ildə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən “Casablanca Travel” MMC-nin ofisində 15 000 ABŞ dolları alıb. Həmin dövrün məzənnəsi ilə bu məbləğ 25 500 manat təşkil edib. Lakin vədinə əməl etməyərək həmin vəsaiti ələ keçirib.
Bundan sonra “Casablanca Travel” şirkətinə müştəri kimi müraciət edən digər şəxslərə qarşı da oxşar üsuldan istifadə edildiyi müəyyənləşdirilib.
Məlumata görə, Xəyal Həmidov zərərçəkmiş şəxslərdən birini Türkiyənin Ankara şəhərində tibbi müalicə almaq üçün tur paketi hazırlayacağı vədi ilə aldadıb. 23 dekabr 2023-cü ildə şirkətin ofisində ondan 3 000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 5 100 manat alıb. Tur paketi hazırlanmayıb və vəd yerinə yetirilməyib.
Digər zərərçəkmiş şəxs isə Türkiyənin Marmaris şəhərində istirahət etmək üçün tur paketi hazırlanacağı vədi ilə aldadılıb. Xəyal Həmidov ondan müxtəlif vaxtlarda pul alıb. Belə ki, o, 21 yanvar 2024-cü ildə 3 400 manat, həmin ilin may ayında 3 825 manat, iyun ayında isə 6 800 manat olmaqla ümumilikdə 14 25 manat vəsait ələ keçirib.
İttihamda daha bir epizod üzrə bildirilir ki, Xəyal Həmidov zərərçəkmiş şəxsdən Fransaya səfər üçün viza dəstəyi göstəriləcəyi vədi ilə 10 iyun 2024-cü ildə 512 manat bank vasitəsilə, 100 manat isə nağd şəkildə olmaqla ümumilikdə 612 manat alıb. Lakin vəd edilən xidmət göstərilməyib.
Xəyal Həmidovun valideynlərinin Türkiyənin Antalya şəhərində istirahət etməsi üçün tur paketi hazırlayacağı vədi ilə digər zərərçəkmiş şəxsdən də pul aldığı qeyd olunur. 29 mart 2024-cü ildə 918 manat, həmin ilin iyun ayının ortalarında isə 2 142 manat olmaqla ümumilikdə 3 060 manat vəsait əldə edilib. Bu halda da tur paketinin hazırlanması ilə bağlı vəd yerinə yetirilməyib.
Daha bir epizod üzrə isə Xəyal Həmidov zərərçəkmiş şəxsə Antalya şəhərinə tur təşkil ediləcəyi vəd edib. 2024-cü ilin iyul ayının əvvəllərində onun bank kartından onun istifadə etdiyi karta 8 100 manat köçürülüb. Həmin vəsait də vədin yerinə yetirilməməsi ilə nəticələnib.
Bundan başqa, Xəyal Həmidov zərərçəkmiş şəxslərdən birini Türkiyənin Kuşadası vilayətində istirahət etmək üçün tur paketi hazırlanacağı vədi ilə aldadıb. O, 3 fevral 2024-cü ildə 3 604 manat, sonuncu dəfə isə 6 iyul 2024-cü ildə 8 406 manat olmaqla ümumilikdə 12 10 manat vəsait alıb.
İttihamda Xəyal Həmidovun ABŞ-a səfər üçün viza dəstəyi göstəriləcəyi vədi ilə daha bir şəxsdən də pul aldığı bildirilir. O, 6 iyul 2024-cü ildə “Casablanca Travel” MMC-nin ofisində həmin şəxsdən 7 000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 11 900 manat alıb. Lakin viza dəstəyi ilə bağlı vəd də yerinə yetirilməyib.
Növbəti epizod üzrə Xəyal Həmidov digər zərərçəkmiş şəxsə Monteneqroda istirahət üçün tur paketi hazırlanacağı bildirib. 30 aprel 2024-cü ildə onun bank kartından Həmidovun istifadə etdiyi karta 1 061 manat köçürülüb, 8 iyul 2024-cü ildə isə şirkətin ofisində əlavə 2 500 manat alınıb. Beləliklə, həmin şəxsin ümumilikdə 3 561 manat vəsaitinin ələ keçirildiyi müəyyən edilib.
Daha bir zərərçəkmiş şəxsdən isə ailəsi ilə birlikdə istirahət etmək üçün “Norwegian Cruise Line” tur paketinin hazırlanacağı vədi ilə 8 iyul 2024-cü ildə “Casablanca Travel” MMC-nin bank hesabına 11 490 manat köçürülüb. Lakin bu vəd də icra edilməyib.
İttihamın sonuncu epizodlarından birinə əsasən, Xəyal Həmidov Monteneqroda istirahət üçün tur paketi hazırlayacağını vəd etdiyi S.Abdullayevadan 9 iyul 2024-cü ildə 4 545 manat alıb. Həmin vəsait də tur paketinin təşkilinə sərf edilməyib.
Beləliklə, istintaq və məhkəmə materiallarına əsasən, Xəyal Həmidovun müxtəlif şəxslərə qarşı eyni xarakterli əməlləri təkrar törətdiyi və zərərçəkmiş şəxslərə ümumilikdə əhəmiyyətli məbləğdə maddi ziyan vurduğu müəyyən edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Xəyal Həmidov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib. Hökmə əsasən, o, 1 1 il müddətinə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrumedilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilib. Qərara əsasən, Xəyal Həmidov Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Həmçinin dövlət ittihamçısının apellyasiya protesti təmin olunub. Hökmün zərərçəkmiş şəxslərin mülki iddialarına dair bəzi müddəaları dəyişdirilərək Xəyal Həmidovdan 8 100 manat maddi zərərin zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir), eləcə də 4 545 manat maddi zərərin S.Abdullayevaya tutulması qərara alınıb.
Bununla yanaşı, məhkum Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. O, qərarın ləğv edilməsini və Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirli bilindiyi əmələ görə həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini xahiş edib. Pravda.az