Fazil Mustafaya sui-qəsddə ittiham olunan Azər Səricanovun oğlu da 10 il həbs edildi
Bu gün, noyabrın 13-də deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham edilərək ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun işi üzrə hökm oxunub.
Prosesə hakim Səbinə Məmmədzadə sədrlik edib.
Məhkəmənin qərarı ilə Əbülfəz Səricanov 10 il müddətinə azadıqdan məhrum edilib.
Əbülfəz Səricanov 2025-ci ilin martında həbs edilib. O, DTX tərəfindən başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 28.277-ci maddəsi (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) ilə ittiham olunur.
Arzu Abdullanın Meydan TV-yə verdiyi məlumata görə məhkəmə prosesi qapalı keçirilib.
“Vəkili Bəxtiyar Hacıyev dedi ki, bu maddələrlə məhkəmənin qapalı keçirilməsi düzgün deyil. Ailə üzvlərini sadəcə hökm oxunanda məhkəmə zalına girməyə icazə verdilər. Prokuror 10 il istəmişdi, elə 10 il də verdilər”, – deyə Arzu Abdulla bildirib.
Arzu Abdulla deyir ki, bu iş üzrə zərərçəkmiş qismində 3 nəfər – aparıcı Kamran Həsənli, hərbi ekspert Telman Qasımov, jurnalist Elçin Alıoğlu tanınıb. Onun sözlərinə görə, aparıcı Kamran Həsənli məhkəmələrə qatılmayıb, digər iki zərərçəkmiş qismində tanınmış hərbi ekspert Telman Qasımov və jurnalist Elçin Alıoğlu isə şikayətçi olmadığını bildiriblər.
“Mən Telman Qasımovla məhkəmənin qabağında danışdım. O dedi ki, məhkəmədə də bildirdim ki, mən şikayətçi deyiləm. Hakimə də dedim buraxın uşağı, mənə bir ziyanı toxunmayıb, təhdid etməyib. Sadəcə “TikTok” səhifəsi açıb hər hansı bir cinayət törətməyib”, – deyə o bildirib.