Sosial şəbəkədə biz:
Gənci kanalizasiyaya aparan məhəccərləri kim söküb? – Məhkəmədə qarşıdurma
Xəbər Şəkli

Gənci kanalizasiyaya aparan məhəccərləri kim söküb? – Məhkəmədə qarşıdurma

03 March 2026, 16:43
Kriminal

Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Azər Cümşüdova “Baksol” yolu ərazisində “Sab Azərbaycan” şirkətinin əməkdaşı, 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümü ilə bağlı ittiham irəli sürülüb. Müttəhim irəli sürülmüş ittihamları qəbul etmir. Martın 3-də keçirilən məhkəmə prosesində şahid qismində Səyyar Nuriyev ifadə verib.

O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib:

"Hadisə baş verən yerin yanında yerləşən mağazada sahibkarlıqla məşğulam. Çökmələrlə bağlı dəfələrlə aidiyyəti orqanlara xəbər vermişik. Onların qaynar xəttinə bildirmişik ki, burada çöküntülər baş verib. Onlarda gəlib baxış keçiriblər. Deyiblər ki, düzələcək. "Azərsu" tərəfi bizi ittiham edir ki, məhəccərləri oradan götürmüşük. Bu, həqiqətə uyğun deyil. Orada güclü yağışlardan sonra çöküşlər yarandı. Hadisə baş verən günü iş vaxtımız bitdiyi üçün getmişdik. Biz özümüzdə oranın mühafızəsi üçün dəmirlər qoymuşduq".

Müttəhim Azər Cümşüdov bildirib ki, ərazidə kamera açıqdırsa, mühafizə dəmirlərinin kim tərəfindən söküldüyü bilinəcək:

"Sahibkar yalanlar danışır. Ərazidə olan dəmirləri biz götürməmişik. Bizim digər ərazilərə kifayət qədər məhəccərimiz var idi. Taxtanın həmin çuxura qoyulması belə səhvdir. Çuxur olsa, zərərçəkən bəlkə görüb ora yaxınlaşmazdı. Hadisə baş verdiyi günün sabahı bizim işçilər gördü ki, məhəccərləri sahibkarlar yığıb öz obyektlərinə qoyub. Eyni zamanda həmin yerə təmir materialları yığılıb. Bunun video görüntüləri məndə var".

Digər şahid Asim Həbibov baş verən ərazinin yaxınlığında mağaza işlətdiyini deyib: "Çöküntü ilin əvvəlində baş vermişdi. Biz "Azərsu" ASC-nin qaynar xəttə zəng edib vəziyyəti izah etdik. Amma bizi dinləyən olmadı. Buna görə də özümüz ora məhəccərlər qoyduq ki, kiminsə başına nəsə iş gəlməsin. Həmin məhəccərləri icarəyə verirdim deyə bir neçə vaxt sonra oradan götürdüm. "Azərsu" ASC-nin dəmirləri orada idi. Onlar məhəccərləri bərkitməmişdilər. Onlara məxsus heç nəyi oradan götürməmişik”.

Müttəhim şahid Asim Həbibovun ifadəsinə münasibət bildirib. Onun sözlərinə görə, məhəccərlərin qoyulması onun səlahiyyətində olmayıb:

"Mənim işim təmir-tikinti sahəsi idi. Şahid deyir, çökmə barədə qaynar xəttə məlumat verib. Amma qaynar xətdən mənə məlumat verilməyib ki, nəsə gedim iş görüm. Məndən də yuxarı vəzifəli şəxslər var, onlara sual verin ki, niyə gec tədbir görülüb? 2025-ci ilin may ayında çökmə baş verən yeri məhəccərləmişik. İyun ayında rəhbərlik mənə deyib ki, təmir üçün materialımız yoxdur, oradan uzaqlaş".

Qeyd edək ki, ailənin tək övladı olan 27 yaşlı Cümşüd Cümşüdlü 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti 2 gün sonra Hövsan kollektorunda aşkarlanıb. Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb. Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.

Musavat.com