Həbsi tələb olunan "Şərurlu İsfəndiyar" hakim qarşısında
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə "Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi davam etdiriləcək. Xüsusi ittihamçı "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov İsfəndiyar Axundovun onu təhqir etməsi səbəbi ilə azadlıqdan məhrum etməklə cəzalandırılmasını tələb edir.
Ötən prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva ekspert rəyinin nəticəvi hissəsini elan edib.
Ekspert bildirib ki, videodakı sözlər kəskin neqativ kimi qiymətləndirilsə də, təhqir deyil:
"Videodakı sözlər tənqid kimi dəyərləndirilməlidir. Orada səslənən ifadələr ümumişlək sözlər səviyyəsindədir, lüğətimizdə də var. Yəni burada təhqir yoxdur".
Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov təqdim edilən rəyə kəskin etiraz edib. Qeyd edib ki, bundan əvvəlki rəyə də etiraz ediblər, amma bu dəfə rəy həm də yazılı formada məhkəməyə təqdim edilib. Həmçinin ötən dəfə səsləndirilən rəylə indiki rəy arasında ziddiyyət var:
"AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında "Bermud üçbucağı" kimi əlaqəsi var.
Hesab edirəm ki, rəy qərəzlidir. Məhkəmədən yazılı şəkildə etirazı bildirmək üçün vaxt istəyirəm".
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli buna etiraz edib:
"Bu, sadəcə məhkəmə prosesinin uzadılmasına xidmət edir".
Hakim etiraz hüququnun olduğunu bildirib. İddiaçı tərəfə vaxt verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, sözügedən dövr ərzində AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.
Xatırladaq ki, İsfəndiyar Axundovu "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Musavat.com