Hərbi komissarlıqlarda əməliyyatlar keçirilib
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aprelin 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra rayon şöbələrində əməliyyatlar keçirib.
Bildirilir ki, Xidmətin Ağdaş, Cəbrayıl, Saatlı və Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, saxlanılanlar da var.
Məlumatlarla bağlı SHXÇDX-dən münasibət almaq mümkün olmayıb.
Qurum bu ilin əvvəlində açıqlamışdı ki, 2025-ci ildə onların 172 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Onlardan 65-i rəhbər heyətə daxil olub. "Ümumilikdə ötən il 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib", - Xidmətin məlumatda əlavə edilirdi.
Xatırlatma
2023-cü ilin sonundan etibarən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığı barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib.
Prezident üç il əvvəl oktyabrın 6-da "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırılıb. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdindəki tibbi komissiyalar idi.