Sosial şəbəkədə biz:
Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevin saxlandığı deyilir
Xəbər Şəkli

Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevin saxlandığı deyilir

04 October 2025, 10:51
Kriminal

İki gün öncə, oktyabrın 1-də axşam saatlarında heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevi yaşadığı Lerik rayonu, Günəşli kəndindəki evindən yeddi-səkkiz mülkigeyimli şəxsin apardığı bildirilir.

Bu barədə oktyabrın 3-də onun yaxınları məlumat yayıb.

Yaxınlarının vurğulamasına görə, onun xanımının da telefonu götürülüb, evdə videoçəkiliş aparıblar və E.Mirzəyev saxlanıb.

Bu məlumata Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

E.Mirzəyev 10 ildən çoxdur heyvan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Hətta o və daha bir neçə şəxs sahibsiz itlərin küçələrdə güllələnməsi şikayəti ilə Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası da qaldırmışdılar.

Habelə onlar saxlanc yerlərində itlərə işgəncə verilməsinə dair açıqlamalar vermişdilər və sonradan bu onlara qarşı iddiaların qaldırılmasına səbəb olmuşdu.

Nəticədə 2017-ci ildə həmin ictimai fəallar mühakimə edildi. "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin işçilərinin şikayəti əsasında Elxan Mirzəyev, Nicat İsmayılov, Aynur Babazadə İlhamə Nəsirova haqqında ittiham hökmü çıxarıldı. Onlar böhtan və təhqirdə suçlu sayılaraq hər biri min manatdan 2 min manata qədər cərimələndi.

İctimai fəallar isə özlərini təqsirli bilmir, məhkəmə iddiasının da, çıxarılmış hökmün də sifarişli olduğunu deyirdilər.