Sosial şəbəkədə biz:
İmişlidə 3 məktəblinin ölümünə səbəb olan qəzaya görə həbs olunan yeniyetməyə 7 il 6 ay cəza verildi
Xəbər Şəkli

İmişlidə 3 məktəblinin ölümünə səbəb olan qəzaya görə həbs olunan yeniyetməyə 7 il 6 ay cəza verildi

29 November 2025, 00:48
Kriminal

İmişlidə yol polisi avtomobilinin bu il yanvarın 18-də səbəb olduğu və üç məktəblinin öldüyü qəza ilə bağlı həbs olunan yeniyetmə 7 il 6 ay azadlıqdan məhrum edilib. 

17 yaşlı Bəylər Bayramlıya Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bəylər Bayramlı sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozaraq üç nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə və hadisə yerindən qaçmaqda ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Bəylər Bayramlı 2025-ci il yanvarın 18-də dayısına məxsus “Mercedes Benz 190” markalı maşınını şəhər daxilində sürüb. O, “Əlillərin binası” adlanan ərazidə sola dönərkən qarşı tərəfdən gələn yol polisinə məxsus avtomobilə yol verməyib. 

Bəylər Bayramlı ifadəsində deyib ki, yolayrıcında sola dönmək istəyəndə BMW çox uzaqda olub. Buna görə də rahat şəkildə dönə biləcəyini düşünüb. Lakin yol polisi çox yüksək sürətlə hərəkət etdiyinə görə avtomobillər toqquşublar. 

Bəylər Bayramlı vurğulayıb ki, əksinə, yol polisinin onu əvvəldən görüb şəraiti dəyərləndirmək, aralarındakı məsafə baxımından toqquşmadan yayınmaq imkanı daha çox olub.

O əlavə edib ki, BMW ona çatmağa az qalmış səs siqnalını işə salıb, toqquşmadan əvvəl yol polisi əyləcdən istifadə etməyib.

Əməlindən peşman olduğunu deyən təqsirləndirilən şəxs hadisə yerindən qaçması haqda ittihamı qəbul etmir. Bəylər Bayramlı bildirib ki, toqquşmadan sonra düşüb, yol polisinin avtomobilinə tərəf qaçıb. Oturacaqda polisin halsız vəziyyətdə olduğunu, ətrafda da azyaşlı məktəblilərin yerə yıxılıb qaldığını görüb qorxub. Bir qədər kənarda dayısına zəng edib. Dayısı ona polis şöbəsinə gedib təslim olmasını tapşırıb. O da polis şöbəsinə yollanıb.

Sözügedən polis əməkdaşı Ülvi Əhmədov da Bəylər Bayramlının məhkəməsində şahid kimi dindirilib. O, iddia edib ki, həmin vaxt saatda 60-70 km sürətlə hərəkət edirdi, həm sayrışan işıqları, həm də səs siqnallarını işə salmışdı. Öz yolu ilə gedərkən “Mercedes-Benz” sol tərəfdən çıxıb, onun idarə etdiyi avtomobili vurub: 

“Toqquşmadan sonra mən huşumu itirdim, nə baş verdiyindən xəbərim olmadı. Bir də hospitalda ayılanda hadisənin nəticələrindən xəbər tutdum”.

Ekspertiza isə rəy verib ki, yol polisinin idarə etdiyi BMW-nin orta sürəti həmin vaxt saatda 159 km olub.

Qəza nəticəsində iki məktəbli – 6-cı sinif Zümrüd Mirəliyeva və 4-cü sinif şagirdi Ayan Məmmədova hadisə yerində həyatını itirib. Ayanın sinif yoldaşı olan Məhbubə Əlizadə isə Bakıya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

Bu uşaqların ailə üzvləri Bəylət Bayramlıdan şikayətçi olmayıb.