Keçmiş deputat Nazim Bəydəmirli başqa həbsxanaya köçürülüb
Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin cəza çəkdiyi müəssisə dəyişdirilib. Sabiq deputatın xanımı Fəridə Bəydəmirli AzadlıqRadiosuna bildirib ki, o, mayın 19-da 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
N.Bəydəmirlinin saxlanma yerinin dəyişdirilməsi üçün ailəsi və vəkili bundan əvvəl Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi. Buna səbəb onun əvvəl saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində başqa bir məhbusla yaşadığı insident və nəticədə cərimə kamerasına (karser) salınması olub. Xanımının sözlərinə görə, həmin məhbus əvvəllər də dəfələrlə N.Bəydəmirlini təxribata çəkməyə cəhd göstərib.
F.Bəydəmirli mayın 20-də 6 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, əri ilə görüşə bilməyib. Ona sabiq deputatın müəssisəyə yeni gəldiyi üçün 14 günlük karantin müddəti keçməli olduğu bildirilib. Qeyd olunub ki, bu müddət ərzində o, yalnız vəkili ilə görüşə bilər.
F.Bəydəmirli əlavə edib ki, əri köçürülməzdən əvvəl 13 saylı müəssisədə baş verənlərə etiraz olaraq beş gün qida qəbulundan imtina edib. Əvvəldən sağlamlıq problemləri olan sabiq deputatın səhhəti bu səbəbdən daha da pisləşib: "Buna görə də onun vəziyyətindən çox narahat idik. Heç olmasa, həkim nəzarətindən keçməsini xahiş etdim. Mənə onun vəziyyətinin normal olduğunu dedilər".
Penitensiar Xidmətdən, eləcə də digər aidiyyəti qurum və tərəflərdən bu açıqlamaya münasibət almaq mümkün olmayıb.