Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər | FOTO
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) polkovniki İvan Voroniçin qətlində təqsirləndirilən Azərbaycan vətəndaşları Nərmin Quliyeva və Xaqani Gülalızadə öldürülüblər.
"Strana" xəbər saytının ölkənin təhlükəsizlik qüvvələrinə istinadən yaydığı məlumata görə, hadisə yerli polisin onları saxlamaq istədiyi əsnada baş verib. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk bildirib.
Məlumata əsasən, 1991-ci il təvəllüdlü Nərmin Quluyeva ilə 1981-ci il təvəllüdlü Xaqani Gülalızadə Azərbaycan vətəndaşlarıdır. Nərmin Quliyeva 2025-ci il mayın 15-də Moldovadan Ukrayna ərazisinə keçib. Xaqani Gülalızadənin isə əvvəllər cinayətkar qrupla əlaqəsi aşkarlandığı üçün 2030-cu ilədək Ukraynaya girişi məhdudlaşdırılıb. O bu qadağaya baxmayaraq, Kiyevə gedib. Adıçəkilən polkovnikin qətli Nərmin Quliyevanın təşkilatçılığı ilə həyata keçirilib.
İyulun 10-u səhər saatlarında UTX-nin ali rütbəli nümayəndəsi, polkovnik İvan Voroniç paytaxt Kiyevin Qoloseyevski rayonundakı evindən çıxıb öz avtomobilinə tərəf gedərkən maskalı şəxs tərəfindən güllələnib. O, hadisə yerindəcə dünyasını dəyişib. Polkovnikin ölməsi barədə məlumatı sabiq deputat İqor Mosiyçuk yayıb. Onun sözlərinə görə, Voroniç UTX-nin Xüsusi Əməliyyat Mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı. Kəşfiyyat zabiti Roman Çervinski xəbəri təsdiqləyərək, hadisəni "düşmən qatil tərəfindən qətl" adlandırılıb. Çervinski vurğulayıb ki, həmkarı Voroniç "Rusiyaya qarşı mübarizənin" fəal iştirakçısı idi.
(Qətlə yetirilən polkovnik İvan Voroniç)
AzVision.az