Marketdən 393 minlik oğurluq edən satıcı və şirkət əməkdaşı azadlığa buraxıldı
Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Səlim Məmmədov, Yusif Həsənov və Mahal Nağıyevin (hər üçünün adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Səlim Məmmədov, Yusif Həsənov, Mahal Nağıyeva 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onların 2023-cü il tarixdən həbsdə olduğu nəzərə alınıb və cəzaları çəkilmiş hesab olunub. Hər iki şəxs dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilib.
İttihama görə, Səlim Məmmədov, Yusif Həsənov, Mahal Nağıyev tamah məqsədi ilə qabaqcadan əlbir olaraq qrup təşkil edib və vahid niyyətlə Cəlilabad şəhərində yerləşən, zərərçəkmiş N.Əlizadəyə məxsus “Gənclik” marketin anbarından uzun müddət ərzində gizli talama əməliyyatları həyata keçiriblər.
Belə ki, təqsirləndirilən şəxslər 2020-ci ilin fevral ayından 18 mart 2023-cü il tarixinədək marketin anbarından ardıcıl və sistemli şəkildə məhsullar çıxarmaqla ümumilikdə 392 788,53 məbləğində külli miqdar ziyan vurublar.
Qeyd: Səlim Məmmədov sözügedən marketində satıcı, Yusif Həsənov isə MMC-lərin birində satış təmsilçisi işləyib.
Yusif Həsənov ifadəsində bildirib ki, Səlimin satmaq istədiyi malların market qiymətindən ucuz olduğunu görüb onunla razılaşıb. Sonra həmin mallardan ondan alaraq işlədiyi MMC-nin sürücüsünün idarə etdiyi avtomobillə aparıb başqa mağazalara aldığı qiymətdən baha qiymətə satıb qazanc əldə edib.
Səlim Məmmədov isə söyləyib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyib, onunla barışıq əldə edib.