Məşhur iş adamı “Titanik Tofiq”in şirkətinin vəzifəli şəxsinə hökm oxundu
İmişli Rayon Məhkəməsində qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Pənah Nəcəfzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun Cinayət Məclləsinin 192.3.1, 213.2.2, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən xitam verilib və Pənah Nəcəfzadə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi hökmü çıxarılıb.
İttihama görə, Pənah Nəcəfzadə 10 iyun 2013-cü il tarixdən “Messenat Holdinq”ə məxsus ASC-nin icraçı direktoru vəzifəsində işləyir. O, rəhbəri olduğu Cəmiyyətin İmişli rayonunun Xubyarlı kəndi ərazisində yerləşən qum-çınqıl yatağında fəaliyyət göstərən karxana üçün dağ-mədən ayırma aktını 2013-cü ilin iyun ayından etibarən almadan, habelə ASC-nin mülkiyyətində olan həmin kənd ərazisindəki 13 ha sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən dağ-mədən işləri və dağ-buruq qazmalarının aparılmasına dair verilmiş lisenziyanın qüvvəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin 30 noyabr 2017-ci il tarixli əmri ilə dayandırıldığını bildiyi halda, 2013-cü ilin iyun ayından 2018-ci il tarixədək vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyətini qəsdən davam etdirib. Pənah Nəcəfzadə həmin müəssisənin rəhbəri, habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə mühüm zərər vurub.
Bundan əlavə, o, tikinti qumunun istehsalı ilə məşğul olmaqla İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi olan həmin Cəmiyyətin rəhbər vəzifəli şəxsi kimi vergi ödəyicisi olmasına baxmayaraq, 2014-2018-ci illərdə ümumilikdə 113 941,47 manat məbləğində yəni, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.
Məhkəmə iclasında Pənah Nəcəfzadə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək yuxarıda təsvir olunan cinayət əməlini törətməsini etiraf edib.
Qeyd: Mediada gedən məlumata görə, "Messenat Holdinq-Şirkətlər Qrupu” 2006-cı ildə yaranıb və sahibi "Titanik Tofiq” kimi tanınan iş adamı Hacı Tofiq İsayevdir. MMC-nin tərkibinə aşağıda adları çəkilən 19 müəssisə daxildir: "Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, "Bəhrəmtəpə-Çınqıl” ASC, "İmişli Dəmir Beton” ASC, "Muğan Su Elektrik Stansiyası” ASC, "Qaradağ” ASC"Arbitr-H.T.İ Konsaltinq” MMC, "Titanik” MMC, "Mühafizəçi” MMC, "Marka LTD” MMC, "Viləş-A.A” MMC, "Viləş-M.A” MMC, "Kommunal” MMC, "Aristokrat-İnşaat” MMC, "Həbibli-LTD” MMC, "GART” MMC, "RNT” MMC, "STR” MMC, "Hüquq” MTK, "Konserv Məhsulları İstehsalı” firmaları daxildir.