Sosial şəbəkədə biz:

MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Maya Mustafayevanın cinayət işi üzrə araşdırmalar davam edir.

Maya Mustafayeva külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur.  İttihama görə o, 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu “ev satışı” adı ilə aldadıb və 17 min  500 manat pulunu alıb. Şəmşad Mikayılovun mətbuata verdiyi açıqlamaya görə Maya Mustafayeva onun pulunu alaraq  Yasamal rayonu, MİDA(Mənzil İnşaatı Dövlət Agentliyi) 2 yaşayış kompleksi, bina 13, mənzil 43 ünvanına yerləşdirib. Hadisələrin gedişini danışan zərərçəkmiş deyir ki, Maya ilə onu iş yoldaşı Qələndərli Həzrət tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyib və Şəmşad Mikayılovu da bu sazişə inandırıb. Onlar birlikdə MİDA binalarından birindəki mənzilə baxıblar. Maya bildirib ki, evə 17 min manat ilkin ödəniş edib və həmin məbləği Şəmşaddan aldıqdan sonra sənədləri onun adına keçirəcəyini vəd edib. Əvvəlcə 4 min manat kart hesabına göndərilib. Daha sonra Maya qalan pulu tələb edib və əgər verilməzsə, həmin məbləğin də batacağını deyib. Bu təzyiqlər fonunda Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata satıb və Maya ilə notariusda görüşərək pulu ona təqdim edib. Amma vəd olunan kimi evin sənədləri təqdim olunmayıb.

Bütün bu müddət ərzində Maya Mikayılovu aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Üstəlik, Maya ondan əlavə 1500 manat da tələb edib və bu pulu da aldıqdan sonra onu mənzilə köçürüb. Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcuddur. Şəmşad Mikayılov hesab edir ki, Maya ona verdiyi pulun bir hissəsini ev sahibinə kirayə haqqı kimi ödəyib.

“Maya mənə ev satdığını deyib 17 min 500 manatımı aldı. Əslində isə bu evi kirayəyə götürmüşdü. Üstəlik, ev sahibi və Elxan adlı “usta” da bu oyunun içində idi. Elxan əvvəlcə özünü jek müdiri kimi təqdim etmişdi, amma sonradan usta olduğu üzə çıxdı. Məni evə köçəndə 50 manat şirinlik də aldı. Sonda isə mənə bildirdilər ki, kirayə haqqı ödənilmədiyindən evdən çıxmalıyam”, – deyə Şəmşad Mikayılov bildirib. O, bu ədalətsizliklərin nəticəsində intihara cəhd etdiyini də etiraf edib: “Aprelin 20-də evdə sirkə içərək canıma qıymışam. Qadınım və iki uşağımın gözü qarşısında... Xəstəxanaya aparıldım, polis də qeydiyyat apardı”.

Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.

DİN əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o, tutularaq istintaqa təhvil verilib. Maya Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 – külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanıb. İttihamlar təsdiqlənərsə, qadını 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol