Sosial şəbəkədə biz:
Nahidənin ölümünə səbəb olan həkimə hökm oxundu
Xəbər Şəkli

Nahidənin ölümünə səbəb olan həkimə hökm oxundu

26 June 2026, 11:12
Kriminal

Ötən il Cəlilabadda doğuşdan 12 gün sonra baş verən ana ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.

Cinayət məsuliyyətinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya Şöbəsinin mama-ginekoloqu Dilbər Əhmədova cəlb olunub.

İttiham aktında qeyd olunub ki, 1999-cu il təvəllüdlü Nahidə Abbasova doğuş sancıları ilə Cəlilabad RMX-na müraciət edib. Bu zaman növbədə olan Dilbər Əhmədova birbaşa qeysəriyyə əməliyyatına göstəriş olduğu halda, o, öz işinə vicdansız və laqeyd münasibət göstərib.

Belə ki, xidməti vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməyən həkim, hamilə qadının doğuş yollarının doğuşa hazır olmadığını bildirərək, onu evə göndərib.

Bu zaman evdə Nahidə Abbasovanın yenidən halı pisləşib və ailəsi dərhal onu xəstəxanaya çatdırmaq qərarına gəlib. Yolda olan zaman Nahidə Abbasova avtomobildə doğuş edib. 

Maraqlıdır ki, Nahidə doğuşdan sonra sözügedən xəstəxananın Doğum və Ginekologiya şöbəsinə qəbul edilsə də, Dilbər Əhmədova yenə qadını nəzarətdə saxlamayıb, müayinə və müalicə planı tərtib etməyib. Nəticədə qadın müalicə aldığı Cəlilabad RMX-da ağır forma preeklampsiya və komatoz forma eklampsiya ilə əlaqədar inkişaf etmiş toksiki ensefalopatiya fonunda baş beyinə qansızma diaqnozu ilə həyatını itirib.

O da məlum olub ki, Nahidə Abbasova ilk dəfə doğuş sancıları ilə xəstəxanaya müraciət edərkən Dilbər həkim ona hələ doğuşa bir həftə qaldığını bildirib.

İş üzrə ekspert rəyindən bəlli olub ki, Nahidə Abbasova hamiləliyi ilə əlaqədar qeydiyyata gec götürülüb, risk qrupuna aid edilməyib, aparılmış laborator müayinələr zamanı qan və sidikdə olan dəyişikliklər düzgün qiymətləndirilməyib. Xəstəxana isə sənədlərdə guya Nahidənin özünün xəstəxanada qalmaqdan imtina etdiyini yazıb.

Bundan başqa, həmin xəstəxanada Nahidəyə doğuşundan sonra  göstərilmiş anestezioloji-reanimatoloji xidmət də tam həcmdə olmayıb. Zahı qadına adekvat müayinə və müalicələr aparılmayıb və 12 gün ərzində Nahidəyə neyrocərrahın konsultasiyası təmin edilməyib.

Onu da xatırladaq ki, Nahidə Abbasovanın ölümü ilə bağlı TƏBİB də açqlama yaymışdı. Qurum həmin vaxt açıqlamada bütün reanimasiyon tədbirlərin görüldüyünü bildirmişdi:

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib. Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.

Gördündüyü kimi, ekspert rəyi ilə TƏBİB-in açıqlaması bir-biri ilə uzlaşmır. Ekspert rəyində və məhkəmə materiallarında ümumiyytlə kapsullaşmış kistanın aşkar edilməsi ilə bağlı heç bir cümlə də keçmir.

Məhkəmənin hökmünə əsasən, Dilbər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Verilən cəza şərti olmaqla ona 1 il 6 ay sınaq müddəti təyin olunub. Məhkəmə həkimin 73 yaşının olmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirici hal kimi nəzərə alıb. Xitab24.az