Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb
Bu gün, oktyabrın 3-də Naxçıvan Ali Məhkəməsində 4 nəfər tərəfindən təcavüzə məruz qalan 15 yaşlı uşağın işi üzrə təqsirli bilinənlərdən daha birinin – hərbçi Əsədov Səbuhi Səməd oğlunun məhkəməsi keçirilib.
Prosesə hakim Abbasov Fərman sədrlik edib.
Zərərçəkənin atası Novruz Musayev Meydan TV-yə deyir ki, məhkəmə bu iş üzrə təqsirləndirilmiş Əsədov Səbuhi Səməd oğlu barəsində qərarı dəyişib. Musayev deyir ki, məhkəmənin qərarı ilə onun barəsində cəza müddəti 1 ildən 2 ilə artırılıb.
Naxçıvanda 15 yaşlı yeniyetmə 4 nəfər tərəfindən təcavüzə məruz qalıb. Onlardan 3 nəfərinin hərbçi və 1 nəfərinin isə mülki vətəndaş olduğu bildirilir. Hadisədən sonra uşaq oxuduğu məktəbdən və kursdan qovulmuşdu. Sonradan uşaq oxuduğu məktəbə bərpa olunub. Ata həbs olunanlara verilən cəzadan narazıdır. O deyirdi ki, təcavüzkarlardan biri sübut olmadığından hazırda azadlıqdadır. Digər iki nəfərdən birinə 9 ay, o birinə 1 il cəza verilmişdi. Mülki şəxs Əlizadə Barışa isə 4 ildən çox cəza verildiyi bildirilirdi. Sentyabrın 25-də təqsirli bilinənlərdən birinin – Pənahov Sənan Vaqif oğlunun Apellyasiya Məhkəməsi keçirilib. Məhkəmənin qərarı ilə onun cəzası 9 aydan 2 ilə artırılıb.
Novruz Musayev qeyd edir ki, bu iş üzrə ittiham olunan 4-cü şəxs – Əsədov Araz Səməd oğlu barəsində yenidən məhkəməyə müraciət edəcək. Lakin cinayət işinə xitam verilməsi barədə sənəd ona verilmir.
“Mən uşağın hüququ nümayəndəsiyəm. Müstəntiqə dedim ki, cinayət işinə xitam verilməsi barədə sənədin surətini mənə verin. Müstəntiq dedi ki, o işi Hərbi Məhkəməyə göndərmişik. Hərbi Məhkəmə isə Ali Məhkəməyə göndərdiklərini dedi. Sənədi niyə gizlədirlər, bu işi niyə bağlayırlar bilmirəm”– deyə Musayev vurğulayıb.