Sosial şəbəkədə biz:

Niyal qalasında qanunsuz qazıntı aparan şəxslərlə bağlı QƏRAR

Niyal qalasında qanunsuz qazıntı aparan şəxslərlə bağlı QƏRAR
Xəbər Şəkli
20 July 2026, 08:41
Kriminal

Şəki Apellyasiya Məhkəməsində dövlət tərəfindən mühafizə olunan ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsində qanunsuz qazıntı işləri apararaq abidəyə ciddi ziyan vurmaqda təqsirləndirilən C.C. və S.S.-n (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Anar Əsgərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, S.S. dostu C.C. ilə qabaqcadan əlbir olaraq dəfinə axtarmaq məqsədilə İsmayıllı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid Niyal qalasında qanunsuz qazıntılar təşkil edib.


Cinayət işinin materiallarında göstərilir ki, S.S. hələ 2023-cü ilin avqust ayında İsmayıllı rayonundakı tarixi abidələri gəzərkən Lahıc və Basqal qəsəbələri arasında yerləşən, Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş və inventar nömrəsi 1 168 olan Niyal qalasında dəfinənin ola biləcəyini ehtimal edib. O, əraziyə dair məlumatlar toplayıb, müxtəlif istiqamətlərdən fotoşəkillər çəkərək qazıntı aparılması üçün hazırlıq işlərinə başlayıb.

 

2025-ci ilin əvvəlində S.S. arxeoloji abidələrdə qanunsuz qazıntı aparmaq təcrübəsinə malik olduğunu bildiyi dostu C.C. ilə görüşərək planını bölüşüb. Onlar dağlıq ərazidə yerləşməsi səbəbindən qalaya nəzarətin zəif olduğunu nəzərə alaraq burada gizli şəkildə qazıntı aparmağa qərar veriblər.


Təqsirləndirilən şəxslər qazıntı işlərini uzun müddət davam etdirmək məqsədilə əvvəlcədən ciddi hazırlıq görüblər. Belə ki, onlar qala ərazisində çadır quraraq sığınacaq hazırlayıb, qazıntı üçün bel, külüng, ling, çəkic, perforator, generator, yanacaq və digər alətləri əraziyə daşıyıblar.


Onlar qazıntı işlərinin daha sürətli aparılması üçün bir neçə nəfəri də işə cəlb ediblər. C.C. və S.S. bu şəxslərə görülən işlərin tam qanuni olduğunu bildirərək, dəfinə tapılacağı halda əlavə pul veriləcəyini vəd ediblər. Cinayətdən xəbərsiz olan həmin şəxslər növbəli şəkildə qazıntı işlərində iştirak ediblər.


Qazıntılar nəticəsində ölkə əhəmiyyətli arxeoloji abidənin təxminən 1 000 kvadratmetr sahəsi ciddi şəkildə zədələnib. Belə ki, 50 metr uzunluğunda və 20 metr enində ərazi qazılıb, əsrlərlə formalaşmış mədəni təbəqələr dağıdılıb və qarışdırılıb.


Bundan başqa, qala divarları və otaqların döşəmələri qazılaraq dağıdılıb, divarlarda bir neçə yerdən iri dəliklər açılıb. Qazıntılar zamanı aşkar edilən saxsı məmulatları, daş kitabə, dən daşı və qədim su tüngləri sındırılıb.


İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər qalanın qərb bürcü boyunca təxminən 50 metr uzunluğunda qazıntılar apararaq tikilinin həm ön, həm də arxa hissəsində yerləşən divarların bir hissəsinin uçmasına səbəb olublar. Nəticədə dövlət mühafizəsində olan tarixi abidəyə bərpası çətin olan ciddi zərər vurulduğu bildirilir.


Onların bu hərəkətləri dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin qorunmasına dair ictimai münasibətlərə qəsdən zərbə vurub və ölkənin mədəni irsinə ciddi ziyan yetirib.


Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 246-cı (dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin qəsdən korlanması) maddəsi ilə ittiham elan olunub.


İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən onların hər biri cinayət məsuliyyətindən azad edilib və barələrində cinayət təqibinə xitam verilib. Pravda.az