Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Hacıyevanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 2 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Bakıda şəhər poliklinikalarından birində sahə tibb bacısı işləyən qadının müxtəlif şəxsləri işə düzəltmək, sosial müavinət və təqaüd təyin etdirmək adı ilə külli miqdarda pul alaraq dələduzluq etməsi ilə bağlı cinayət işinə məhkəmədə baxılıb.
İttihama görə, Bakıda şəhər poliklinikalarından birində sahə tibb bacısı işləyən Aygün Hacıyeva qulluq mövqeyindən istifadə edərək onlarla şəxsi aldadıb və ümumilikdə on minlərlə manat vəsaiti ələ keçirib.
Belə ki, təqsirləndirilən şəxs 2022-ci ildən 2025-ci ilin yanvar ayınadək Bakı şəhərində fəaliyyət göstərən şəhər poliklinikalarından birində terapiya şöbəsinin sahə tibb bacısı vəzifəsində işləyib. İstintaqın qənaətinə görə, həmin müddətdə o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə müxtəlif şəxslərə dövlət tibb müəssisələrinə işə qəbul, sosial müavinət və pensiya təyin etdirəcəyi barədə yalan vədlər verərək onların etibarını qazanıb.
Cinayət işi materiallarında göstərilir ki, Aygün Hacıyeva əvvəlcə qohumuna işlədiyi poliklinikaya tibb qeydiyyatçısı kimi işə düzəldəcəyini bildirib. Bu məqsədlə 2024-cü ildə poliklinikanın qarşısında zərərçəkmişdən 4 500 manat alaraq mənimsəyib.
Bundan sonra o, başqa bir zərərçəkmişə qızını həmin poliklinikaya tibb bacısı vəzifəsinə qəbul etdirəcəyini vəd edib və bu adla 3 500 manat pul alıb.
Növbəti epizodda Aygün Hacıyeva tanışının qohumunu şəhər klinik xəstəxanalarından birinə tibb bacısı kimi işə düzəldəcəyini bildirərək vasitəçi ilə 3 000 manat əldə edib.
İstintaqla müəyyən edilib ki, o, bununla kifayətlənməyərək müxtəlif şəxslərə sosial müavinət təyin etdirəcəyini də vəd edib. Belə epizodlardan birində zərərçəkmişdən 5 000 manat, digər halda isə müxtəlif vaxtlarda bank kartına köçürülən ümumilikdə 6 500 manat vəsaiti ələ keçirib.
İstintaqın qənaətinə görə, Aygün Hacıyeva bütün bu hallarda vəd etdiyi işlərin heç birini yerinə yetirmək niyyətində olmayıb. O, aldığı vəsaitləri şəxsi ehtiyaclarına sərf edib və zərərçəkmişlərə əhəmiyyətli məbləğdə maddi ziyan vurub.
Məhkəmə iclasında ifadə verən Aygün Hacıyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, ailə həyatı dağıldıqdan sonra keçmiş həyat yoldaşının onun adına götürdüyü kreditlər ödənilmədiyi üçün bütün borcları özü ödəməli olub. Bu səbəbdən ciddi maliyyə çətinliyi ilə üzləşdiyini deyib.
Təqsirləndirilən şəxs 2022-ci ildən 2025-ci ilin yanvar ayınadək şəhər poliklinikasında sahə tibb bacısı işlədiyini, həmin dövrdə borclarının getdikcə artdığını və kreditorların ondan pullarını tələb etdiklərini deyib.
Aygün Hacıyeva ifadəsində bildirib ki, çıxılmaz vəziyyətdə qalaraq insanlardan pul almaq qərarına gəlib. Məhkəmədə etiraf edib ki, müxtəlif şəxslərə onları tibb bacısı və ya qeydiyyatçı vəzifəsinə işə düzəldəcəyini desə də, əslində belə bir niyyəti olmayıb.
Onun sözlərinə görə, məqsədi yalnız həmin şəxslərdən pul alaraq yığılan borclarını ödəmək olub. Pravda.az