“QHT işi”: Şəhla İsmayıl da təqsirləndirilən şəxs qismində tanındı
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.
Şəhla İsmayılın təqsirləndirilən şəxs qismində tanınması oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın işinə baxılarkən məlum olub.
Qeyd edək ki, N.Muxtarova da “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası baxır. “QHT işi” üzrə toplam 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digər təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin məhkəməsi başlayıb. Oktyabrın 22-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq.