Sosial şəbəkədə biz:
“QHT işi” üzrə təqsirləndirilən daha iki şəxsin məhkəməsi başlayır
Xəbər Şəkli

“QHT işi” üzrə təqsirləndirilən daha iki şəxsin məhkəməsi başlayır

16 October 2025, 08:07
Kriminal

“QHT işi” üzrə saxlanılan Əhməd Məmmədzadə və “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığı bildirilir.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Prosesə hakimlər Hafiz Kamranov və Azər Tağıyev sədrlik edəcək.

2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı cinayət işi başlanıb.

Onlara cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.  Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.