QHT rəhbərlərinə orden və medallarla bağlı ittiham verildi
Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, "qanunsuz orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim etmiş" qeyri-hökumət təşkilatlarının (QHT) vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib
Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.
Rəsmi açıqlamada "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri", "Azərbaycan Vətən Müharibəsi Veteranları", "Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi", "Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı", "Qarabağ Əlillərinə Qayğı", "Sabitlik və İnkişaf Mərkəzi" ictimai birlikləri, "Beynəlmiləlçi Əlil Döyüşçülər" və "Dədə Qorqud Xeyriyyə" fondlarının adı çəkilir. Vurğulanır ki, onların vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini aşmalarına əsaslı şübhələr müəyyən edilib: ""Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun sədri Səyyaf Orucov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev və "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".
Hələlik, ittihama sözügedən qurumların təmsilçilərinin münasibətini almaq mümkün olmayıb. Həmin maddələrlə cərimələrdən başlayaraq 3 ilə qədər həbs nəzərdə tutulur.
Bu ayın əvvəlində Daxili İşlər Nazirliyi (DİN) bir sıra QHT rəhbərini saxta orden və medallar, müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda günahlandırmışdı. Onda "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədovun saxlandığı bildirilirdi.
Həmin adları çəkilən şəxslərin və ya onların vəkillərinin ittihamlara münasibəti də, hələlik, bəlli deyil.
Ölkənin bir sıra media qurumları 2022-ci ildə "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri E.İsmayılovun Türkmənistanın ozamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu da təltif etməsinə aid olduğunu açıqladıqları görüntülər yaymışdılar.