Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-i Bakı Ağır Cinayətlər Məhkəməsində başlayır.
Qafqazinfo sözügedən iş üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən bəzilərinin adlarını öyrənib.
“Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş “Bank BTB”nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.
Sözügedən şahidlər hamısı DTX-də dindirilib. Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir”, - sayt yazır.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.
O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.