Rüşvətlə plastik cərrah sertifikatı verməkdə təqsirləndirilən vəzifəlilərin işi məhkəməyə göndərilib
Baş Prokurorluq Səhiyyə Nazirliyinin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ibtidai istintaqı yekunlaşdırdığını bildirir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri ötən ilin sonunda aparılmışdı.
Nazirlikdə müxtəlif vəzifələrdə çalışmış bir neçə şəxsin qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikatlarla təmin olunması və bunların qarşılığında çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alınmasına əsaslı şübhələrin müəyyən edildiyi bildirilir.
Sözügedən şəxslərə xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma, nüfuz alveri, vəzifə saxtakarlığı və digər maddələr irəli sürülüb. Barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Bu maddələr üzrə maksimum 12 il həbs cəzası kəsilə bilər.
Təqsirləndirilən şəxslərin və ya onların vəkillərinin ittihamlara münasibəti bəlli deyil.
Son zamanlar Azərbaycanda plastik əməliyyat edən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomunun olmadığı iddia edilib. Səhiyyə Nazirliyi ötən ilin dekabrında bu müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradıldığını bildirib.