Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Vəkil Zabil Qəhrəmanov saxlanılıb. O, xuliqanlıqda ittiham olunur.
Bu barədə APA məlumat yayıb.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün saxlanılıb.
Zabil Qəhrəmanovun Göygöldə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.
Vəkili Səadət Seyidli AzadlıqRadiosuna bildirib ki, Z.Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində dindirilib.
“Zabil Qəhrəmanov qətiyyən özünü təqsirli bilmir. Eyni zamanda, həm özü, həm də vəkili olaraq, biz istintaqın Gəncə şəhər Baş Polis İdarəsində aparılmasına etiraz etdik. Bununla əlaqədar prokurora etiraz yazmışıq. İstintaqın aparılmasında ərazi aidiyyətinə əməl olunmalıdır”, – vəkil əlavə edib.
Oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Onun Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına və açıqlamalarına görə cəzalandırıldığı ehtimal olunur.