2026-cı ilin ilk iki ayında Azərbaycanda 8 hərbçi həlak olub
2026-cı ilin ilk iki ayı ərzində Azərbaycanda 8 hərbi qulluqçu həyatını itirib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) kütləvi informasiya vasitələri üzrə keçirdiyi monitorinqin nəticələrinə görə, onların hamısı qeyri-döyüş itkiləridir.
2 nəfər müxtəlif xəstəliklərdən (ölüm səbəbləri açıqlanmayıb), 1 nəfər intihardan, 2 nəfər avtomobil qəzasından, 1 nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Vəfat edənlərin 7 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Onlardan 3 nəfəri əsgər, 2 nəfəri zabit, 1 nəfəri gizir, 2 nəfəri isə MAXE-dir.
Məlumatda qeyd olunur ki, bu iki ayda ümumilikdə ən azı 4 hərbi qulluqçu avtomobil qəzası zamanı yaralanıb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci ildə yaydığı hesabatda bildirilirdi ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 42 hərbi qulluqçusunu itirib. Onlar qeyri-döyüş itkiləridir. Ümumilikdə, ötən il 8 nəfər avtomobil qəzasından, 7 nəfər müxtəlif bədbəxt hadisələrdən (qar uçqunu, suda boğulma, qayadan yıxılma, qaz sızması), 12 nəfər müxtəlif xəstəliklərdən, 10 nəfər intihardan, 2 nəfər qeyri-qanuni əməllərdən, 2 nəfər mina partlayışından, 2 nəfərsə naməlum səbəbdən vəfat edib.