“3 aydır maaşımız verilmir”
“3 aydır gözləyirəm, bu gün, səhər maaş veriləcək deyirlər, amma verilmir”
Bunu Xəzər TV-yə müraciət edən “Agah” şirkətlər qrupunun işçiləri deyib.
Onların iddialarına görə, şirkət 3 aydır 50-yə yaxın işçinin maaşını ödəmir və onlara müxtəlif səbəblər göstərilir:
“Ayımız 1050 manat idi, indi 3 aydır həmin maaşı ala bilmirik. 1 aydır hər gün deyirlər ki, filan gün gəlin. Biz “Agah” şirkətində işləmişik, indi müəssisə ilə hansısa problemləri var, bizim əmək haqqımızı vermirlər. Biz də deyirik ki, onları sizin pulunuzu veriblər, verməyiblər, biz sizi tanıyırıq, bizi siz işə götürmüsünüz, əmək haqqımızı da verməlisiniz. Onlar isə deyir: “Mənim pulum yoxdur, gedin hara şikayət edirsiniz edin”.
Problemlə bağlı açıqlama verən “Agah” şirkətlər qrupunun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığını bildirib:
“Tikinti və təmir işləri aparırıq. 5 ay müddətində bir manat da olsa bizə pul köçürülməyib. Biz 3 ayın əmək haqqını vermişik, yanvar, fevral və mart aylarını ödəmişik. Bizdə qalan əmək haqqı aprel və may aylarıdır. Hazırda danışıqlar gedir, bəzi görüşlər olub, yəqin ki, müəyyən bir vaxtda həll olunacaq. Onlar pulu ödəyən kimi biz də işçilərin əmək haqlarını ödəyəcəyik”.