Ana övladının repetitor tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını iddia edir
Astara sakini A.R. ( ad şərtidir – red.) övladının repetitor kimi fəaliyyət göstərən Qurbanov Fəhmin Mühəddin oğlu tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını iddia edir.
Bu barədə A.R. Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, qızı 1 ildir Qurbanov Fəhmin Mühəddin oğlunun yanına “ingilis dili” və “azərbaycan dili” üzrə hazırlıq dərslərinə gedirmiş. Bir müddət sonra müəllim onu hazırlıqlara tək çağırmağa başlayıb.
“14 yaşında yeniyetmə qızdır. 1 ildir hazırlığa göndərirəm. Yayda 15 günlük tətil oldu, avqustun 30-dan artıq yanına tək çağırmağa başladı uşağı. Uşaq da elə bilir ki, başqa uşaqlar gələcək. Hazırlıqda tək olacağından xəbəri yoxdur. Müəllimə sual verəndə ki uşaqlar gəlməyəcək, müəllim deyir ki, bu gün səninlə tək dərs keçəcəyik. Qızım da dərsi danışmağa başlayanda müəllim gəlir ona sataşmağa. Onun belinə, kürəyinə toxunur, başını öpür. Bu zaman uşaq qorxaraq çantasını götürüb çıxır, müəllim deyir ki, səni şam yeməyinə dəvət etmək istəyirəm. Uşaq gəlib bunu mənə deyəndə Astara Rayon Polis İdarəsinə şikayət etdim”.
Ana deyir ki, əllərində sübut olmadığından prokurorluq Fəhmin Qurbanovu sərbəst buraxıb və o hazırda dərs deməyə davam edir.
“Mən 1 ildir uşağı onun yanına göndərirəm müəllim ilə nə şəxsi qərəzim ola bilərdi? Deyirlər sübut yoxdur. Nə sübut olmalıdır? Bu uşaq niyə yalan desin ki? Qızımın psixologiyası pozulub. Özü də müəllimlik oxumayıb, özəl kurs açıb dərs deyir. Astara Rayon Polis Şöbəsinin polisləri və prokuror bu işə göz yumur. Baş Prokurorluğa teleqram göndərmişəm onlar da bura ultimatum verir. Yenə də burda susdururlar işi”, – deyə ana bildirir.
Ananın sözlərinə görə, rəis və prokuror uşaqdan ifadə alıb, amma bu yetərli olmayıb. A.R-nin sözlərinə görə, prokuror uşağa inandığını, lakin əlində sübut olmadığına görə heç nə edə bilməyəcəyini deyib.
Fəhmin Qurbanov isə Meydan TV-yə açıqlamasında barəsində deyilən fikirlərlin əsassız olduğunu bildirir.
“Şagird telefonla çox oynadığı üçün hazırlıqdan uzaqlaşdırdım, buna görə də ailə mənimlə qərəzli münasibət apardı. Lakin daha sonra onu hazırlığa bərpa etdim”.
Qurbanov qeyd edir ki, o, Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə fakültəsini bitirib.
“Mənim özəl şirkətim, VÖEN-im var. Bildirim ki, hər hansı təhsil sahəsində VÖEN varsa, xidmət göstərə bilərsiniz. Sadəcə təhsil müəssisələrində qanunvericilik icazə vermir ki, mən fənlər üzrə tədris edim. Yəni qanunla mən özəl dərs keçə bilərəm”.
Qurbanov bildirir ki, ingilis və azərbaycan dili fənləri üzrə dərs keçir. O həmçinin şagirdin məsuliyyətli olduğunu qeyd edir.
“Bir ilə yaxın hazırlığa yanıma gəlib. Bəlkədə 30 dəfə tək və ya 2-3 nəfərlə dərs keçmişəm. Sadəcə bu olanlardan sonra bəlkə də kobud olmuşam. Tam olaraq yadıma gəlmir. Amma uşağı idarə edə bilmirəmsə, dərsdən uzaqlaşdırıram. Çıxarandan sonra xalası oğlu xahiş etdi, yenidən qaytardım 2 gün gəldi, sonra alınmadı yenə çıxartdım. Belə uşaq deyildi, niyə belə bir şey deyib, onu da başa düşmürəm”.
Fəhmin Qurbanov prokurorluqda ekspertiza aparıldığını, şagirdlə psixoloqun danışdığını və özünün təqsirsiz olduğunu bildirib. Bundan sonra o sərbəst buraxıldığını diqqətə çatdırıb.
Məsələ ilə bağlı Astara rayon prokurorluğuna və Baş prokurorluğa etdiyimiz sorğulara cavab verilməyib.