Ötən gün Sabunçuda ananın doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina etməsi ilə bağlı təfərrüat məlum olub.
TƏBİB-dən avqustun 27-si saat 00:40 radələrində 1985-ci il təvəllüdlü hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunduğu bildirilib.
Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib: “Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.
Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, avqustun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub.
Azyaşlı 10.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib”. Qafqazinfo