Bahar Muradova: "Hər bir ailədə ən azı üç uşaq böyüməlidir"
Ailə institutunun möhkəmləndirilməsi və demoqrafik balansın qorunması müasir dövrün ən vacib çağırışlarından biridir. Bu istiqamətdə həyata keçirilən layihələr cəmiyyətin sosial inkişafına birbaşa təsir göstərir.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova , Komitənin, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Pirallahı Rayon İcra Hakimiyyətində keçirilən “Ailəmiz - ən güclü dəyərimiz” adlı tədbirdə deyib.
Komitə sədri ölkədəki demoqrafik vəziyyətə toxunaraq bildirib: “Biz demoqrafik balansın pozulmamasının tərəfdarıyıq. Hesab edirəm ki, balansın qorunması üçün hər bir ailədə ən azı üç uşaq böyüməlidir. Hazırda Azərbaycanda iki uşaqlı ailələr üstünlük təşkil edir, lakin üç uşaqlı ailələrin sayı artsa, demoqrafik təhlükəsizliyimizi tam təmin edə bilərik”.
Bahar Muradova çıxışında dövlət qurumları ilə yanaşı, QHT və könüllülərin də bu prosesdəki rolunu vurğulayıb: “Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr əhalinin sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Həmçinin Komitə nəzdində fəaliyyət göstərən 'Könüllü ailələr' qrupu digər ailələr üçün örnək təşkil edir”.
AzVision.az