Sosial şəbəkədə biz:
Bakı yenə su altında: “Bu yağış deyil, kanalizasiya sularıdır”
Xəbər Şəkli

Bakı yenə su altında: “Bu yağış deyil, kanalizasiya sularıdır”

06 April 2026, 16:12
Sosial

Bir neçə gündür fasilələrlə davam edən yağışlardan sonra Bakı və ətraf yaşayış məntəqələrində küçələri, həyətləri və evləri yenidən su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) bu gün yaydığı məlumata görə, Bakının Nizami, Sabunçu və Xəzər rayonlarında, həmçinin Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonlarında müvafiq təhlükəsizlik tədbirləri görülür. Bildirilir ki, ərazilərdə suçəkmə işləri aparılır, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilir.

“Zəng edirik, gələn yoxdur”

Bununla belə, Meydan TV-yə müraciət edən bəzi sakinlər deyirlər ki, çağırışlara operativ reaksiya verilmir.

Binəqədi rayonu sakini Abdulla Həziyevin sözlərinə görə, 10 May küçəsində məhəlləni kanalizasiya suları basıb:

“Bu, yağış suyu deyil. Kanalizasiya partlayıb, hər yeri çirkab su basıb. Antisanitar vəziyyətdəyik. Səhərə qədər yatmamışıq. Aidiyyəti qurumlara zəng edirik, amma gələn yoxdur”.

Foto: Binəqədi rayonu videodan screenshot

Masazır qəsəbə sakini Məzahir Məmişov bildirir ki, martın 28-dən bəri evləri və həyətləri su altındadır:

“Məhəlləmizdə 15-20 ev hazırda suyun içindədir. İki həftədir evlərimizə gedə bilmirik. Qohumu olanlar onlarda qalır, olmayanlar kirayə ev tutub. Evlər, zirzəmilər su ilə dolub. Su da təmiz deyil, görünür kanalizasiya suyudur. Elektriklə bağlı da ciddi təhlükə var”.

Onun sözlərinə görə, FHN-ə edilən müraciətlərə baxmayaraq, əraziyə baxış keçirilməyib:

“Deyirlər ki, qeydiyyata alındı, baxılacaq. Amma iki həftədir maraqlanan yoxdur”.

Masazır qəsəbəsində, Aşıq Sarı küçəsində yaşayan Teymur Xəlilov isə görülən tədbirlərin yetərli olmadığını deyir. Onun sözlərinə görə, ərazidə suyun dərinliyi təxminən 70 santimetrə çatır:

“Bir motor qoyublar, amma bu kifayət etmir. Sanki dəryadan bir qaşıq su götürür. Şlanqları veriblər, özümüz işləyirik. Başa düşürük ki, təbii fəlakətdir, amma dövlət dəstəyi zəifdir. Bu templə suyun çəkilməsi aylarla davam edə bilər”.

Kollektorlar evlərin altında qalıb

Anonim qalmaq istəyən bir sakin isə bildirir ki, Keşlə qəsəbəsində subasma problemi illərdir həll olunmur. Onun sözlərinə görə, əsas səbəb köhnə və nasaz kollektor sistemidir:

“Bu məhəllələr bir neçə il əvvəl də su altında qalmışdı. O vaxt demişdilər ki, kollektor köhnədir, istismar müddəti bitib. Amma əsaslı təmir etmək əvəzinə sadəcə müvəqqəti düzəliş edib üstünü örtmüşdülər. Daha sonra həmin ərazilərdə boş sahələr satışa çıxarıldı və yeni evlər tikildi. İndi yenə eyni vəziyyət yaranıb. Kollektor evlərin altında qalıb və ona müdaxilə etmək mümkün deyil. Problemi həll etmək üçün artıq evlərin sökülməsi lazımdır”.

Aprelin 4-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə martın 26-28-də yağan leysan yağışlarının nəticələrinin aradan qaldırılması müzakirə olunub. Nazirlər Kabinetinin məlumatına görə, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Buna baxmayaraq, təxminən 10 gün əvvəl baş verən yağıntılar zamanı da Bakı və ətraf ərazilərdə oxşar vəziyyət yaranmışdı. Həmin vaxt Qaradağ rayonunun Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən alternativ yolun da yararsız hala düşdüyü bildirilmişdi.

Rəsmi açıqlamalarda vəziyyət əsasən yağıntının normadan artıq olması ilə izah edilir. Lakin sosial şəbəkələrdə bəzi vətəndaşlar problemin səbəbini illərdir davam edən idarəetmə və infrastruktur problemləri ilə əlaqələndirirlər.

Son illərdə yağışlar zamanı paytaxt və ətraf ərazilərdə oxşar problemlər mütəmadi təkrarlanır. 2024-cü ilin oktyabrında Sabunçu rayonunda tunelin su altında qalması nəticəsində iki nəfər həyatını itirmişdi.

Ekspertlər problemin əsas səbəblərindən biri kimi son illərdə aparılan plansız tikintiləri göstərirlər. Onların fikrincə, su və kanalizasiya sistemlərinə ayrılan vəsaitlər daha səmərəli istifadə olunsaydı, mövcud vəziyyət bu qədər kəskin olmazdı.