Bakıda binada partlayış baş verib, 5 nəfər yaralanıb
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza" partlayış olub.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Xilasedicilər binada 7 nəfəri xilas edbilər.
Partlayış nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə kimi dağıntı müşahidə olunur.
TƏBİB Bakıda Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, 24.11.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzdən qeyd edilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub: "Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi Toğrul Mehdiyev deyib. O bildirib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.