Sosial şəbəkədə biz:
Biləsuvarın Xırmandalı kəndində drenaj problemi: Yağış yağır, həyat dayanır
Xəbər Şəkli

Biləsuvarın Xırmandalı kəndində drenaj problemi: Yağış yağır, həyat dayanır

20 May 2026, 09:30
Sosial

Biləsuvarın Xırmandalı kəndindəki “Təzəbinə” adlanan yaşayış massivinin sakinləri deyirlər ki, hər yağış və ya qar yağanda məhəllələrini və küçələrini su basır.

Su hətta həyətlərə, evlərə axır. Belə havalarda da uşaqlar baxçadan və məktəbdən qalırlar. Təxminən 500 sakinin məskunlaşdığı bu ərazidə insanlar 20 il əvvəl bələdiyyə tərəfindən satılan torpaqlarda məskunlaşıblar və sözügedən massivin 15 il əvvəl salındığını bildirirlər.

20 illik problem hələ də həllini tapmayıb

Sakinlərin sözlərinə görə, illərdir davam edən bu vəziyyətə səbəb ərazidə yağış sularının axıdılması üçün drenaj sisteminin olmamasıdır.

“Iyirmi ildir ki, burada yaşayıram. Pis-yaxşı çəkilən yol, görülən bütün işlər məhəllə sakinlərinin şəxsi maddi hesabına başa gəlib. Buralar əvvəllər əkin-biçin sahələri olduğuna görə nə qədər qırma daş tökülsə də, yenə də batıb gedir. İcra hakimiyyətinə müraciət etmişik, bələdiyyəyə müraciət etmişik, baxan yoxdur. Bu yollar əsaslı təmir olunmalıdır, burada yaşayan əhalinin səsi eşidilməlidir”, – sakin Tofiq Əliyev Meydan TV-yə deyir.

“Təcili yardım küçəyə girmək istəmir”

Ərazidə əsasən gənc ailələrin yaşadığını bildirən sakinlər, yağış yağanda yolların keçilməz olması səbəbindən uşaqların iki-üç gün dərsdən qaldığını qeyd edirlər. Onlar həmçinin bildirirlər ki, nə yerli icra hakimiyyəti, nə də bələdiyyə onların problemini həll etmir.

“Təcili Yardıma zəng edirik, bu küçənin adını çəkən kimi bu yollarda ilişib qaldığına görə gəlmir. Yağış yağanda, uşaqlar iki-üç gün dərsdən qalırlar. Çünki getmək mümkün deyil”, – Ramil Orucov deyir.

“Vətəndaş özü kanal qazmalıdır” 

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya qurumdan əvvəlcə bildirilib ki, ərazi bələdiyyənin balansındadır və yol dar olduğu üçün bələdiyyə orada texnika işlədə bilmir. İcra Hakimiyyətinə yenidən edilən müraciət zamanı isə Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun böyük məsləhətçisi Cavid Əliyev Meydan TV-yə deyib ki, həmin ərazilərdən müraciətlər olunduqca, dəfələrlə axar kanallar qazılıb:

“Hansı ərazidən müraciət daxil olubsa, dərhal baxılıb. Bərbad vəziyyətdə olan yol və ərazi qalmayıb. Ən azından qreyder işlənib, çınqıllanıb”.

İcra Hakimiyyəti rəsmisinin bu açıqlamasının əksinə olaraq, Xırmandalı bələdiyyəsinin sədr müavini Rauf Abdullayev ərazidə infrastruktur probleminin və vətəndaşlarla fikir ayrılığının olduğunu gizlətmir. O, yola görə sakinlərin məsuliyyət daşımalı olduğunu bildirərək qeyd edib ki, bələdiyyə tərəfindən camaata dəfələrlə kanallarını qazmağı ilə bağlı məlumat verilib, çünki qış və yağış mövsümündə problemlər qaçılmazdır:

“Vətəndaş bunu özü etməlidir, mən gəlib ona kanal qazan deyiləm. Deyirlər ki, yolumuzu düzəlt, sən bunun kanalını çək ki, biz də yolunu düzəltməyə başlayaq”.

Qanun nə deyir?

“Bələdiyyələrin statusu haqqında” qanuna görə, onların fəaliyyəti təkcə bununla bitmir. Həmin qanunun 4-cü maddəsinə, eləcə də “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunun müvafiq bəndlərinə əsasən, yerli əhəmiyyətli kommunal proqramların icrası, məhəllədaxili yolların salınması, təmiri və yağış-qrunt sularının kənarlaşdırılması üçün mühəndis-kommunal şəbəkələrinin qurulması fərdi öhdəlik deyil, yerli özünüidarəetmə orqanlarının birbaşa vəzifələrinə daxildir.