Sosial şəbəkədə biz:
Büdcəyə qənaət: Dövlət qulluqçuları üçün əlavə ödənişlər və mükafatlar ləğv olunur
Xəbər Şəkli

Büdcəyə qənaət: Dövlət qulluqçuları üçün əlavə ödənişlər və mükafatlar ləğv olunur

19 March 2026, 09:20
Sosial

Dövlət qulluqçularının maaşlarına edilən əlavə ödənişlər ləğv oluna bilər. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə görə, hazırda maaşa əlavə olunan bəzi ödənişlərin dayandırılması planlaşdırılır. Buraya staja görə verilən (5–30 faiz), hakimiyyət səlahiyyətlərinin icrasına görə nəzərdə tutulan (15 faiz), eləcə də digər əlavələr daxildir.

Bundan başqa, dövlət qulluqçularına büdcə hesabına verilən mükafatların da tam ləğvi nəzərdə tutulur.

Dəyişikliklərin məqsədi əməkhaqqı sistemini daha vahid və sabit formaya salmaq kimi izah olunur.

Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda dövlət qulluqçularının sayı 27,4 min nəfər olub. Onların böyük hissəsi əsas vəzifələrdə çalışır. 2024-cü ildə isə dövlət qulluqçularının orta aylıq maaşı 1971 manat təşkil edib.

Mövzu ilə bağlı danışan iqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli hesab edir ki, bu addım əsasən büdcə problemləri ilə bağlıdır:

“Büdcə daxilolmalarında problemlər var. Düzdür, neftin qiyməti son aylarda artıb və müəyyən artım hiss olunur. Amma ümumi vəziyyətin çətin olduğu bilinir. Hökumət də bunu anlayır və buna görə xərclərdə ixtisarlara gedir”.

Onun sözlərinə görə, belə dəyişikliklər dövlət sektorunda işləməyi daha az cəlbedici edə bilər:

“Bu addım dövlət qulluğunda işləməyi maraqlı edəcəkmi? İnsanlar burada işləmək istəyəcəklərmi? Çünki indiyə qədər onlar maaşları qədər mükafat alırdılar”.

İqtisadçı əlavə edir ki, maaşların azalması başqa risklər də yarada bilər:

“Əgər rəsmi gəlirlər azalırsa, bu, korrupsiya risklərini artırmazmı? Bu suallar açıq qalır. Hökumət hələlik bu dəyişikliklərin necə tətbiq olunacağını və hansı mexanizmlərin işləyəcəyini izah etməyib”.

Natiq Cəfərlinin fikrincə, əsas məqsəd büdcəyə qənaət olsa da, bunun mümkün nəticələri barədə aydınlıq yoxdur:

“Büdcədən maliyyələşən təşkilatların tamamına aid olarsa, onların hamısı dövlət qulluqçusu sayılmır. Onların sayı kifayət qədər çoxdur, onminlərlədir. Bu məsələdə hansı mexanizmlər əsasında mükafatlandırma sistemi qurulacaq, hökumətin rəsmi açıqlaması olsa, qərarı daha yaxşı dəyərləndirmək olardı. İlkin görünən odur ki, büdcə vəsaitinə qənaət etmək məqsəd qoyulub. Amma bu qənaət hansı neqativ hallara yol açacaq, bununla bağlı rəsmi açıqlama, sxem və istiqamət olmalıdır”, – deyə iqtisadçı bildirib.