Ekspert açıqladı: “Minimum əməkhaqqı 600 manat olmalıdır”
Azərbaycanda ildə azı bir dəfə minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, hazırda ölkədə minimum əməkhaqqının məbləği 400 manat təşkil edir. Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, minimum əməkhaqqının məbləğinin artırılması dövlət və özəl qurumlarda çalışmasından asılı olmayaraq hamıya şamil olunur:
“Azərbaycanda minimum əməkhaqqı üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərə uyğun deyil. Çünki “Minimum əməkhaqqı haqqında” Avropa Xartiyası var. Azərbaycan dövləti də bu Xartiyaya qoşulub. Bu Xartiyada göstərilir ki, minimum əməkhaqqı ölkə üzrə orta əmək haqqının 60 faizindən az olmamalıdır.
Bizdə orta əməkhaqqı 1000 manatdan çoxdur. Demək ki, bizdə minimum əməkhaqqı 600 manat olmalıdır. Ancaq hazırda belə deyil. Yəni biz öhdəlikləri pozmuş oluruq”.
Ekspert deyib ki, minimal əməkhaqqını inflyasiyaya uyğun olaraq artırılır:
“Ancaq əslində bizdə mövcud minimum əməkhaqqı çox azdır”.