Gələn il pensiyalar 9,2 faiz arta bilər, sosial müavinətlərdə artım gözlənilirmi?
Artıq Milli Məclis tərəfindən 2026-cı ilin dövlət büdcəsini təsdiq edilib. Büdcə müzakirələri zamanı ən çox gözlənilən məsələ əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılıb-artırılmaması ilə bağlı qərarlar idi. Lakin hökumət nümayəndələrinin açıqlamalarından məlum oldu ki, gələn il minimum əməkhaqqı və sosial müavinətlərdə ciddi dəyişiklik gözlənilmir. Minimum əməkhaqqının artırılması ölkə üzrə orta maaşlara təsir göstərən əsas baza hesab edilir. Bu baxımdan, sözügedən istiqamətdə dəyişikliyin olmaması 2026-cı ildə əməkhaqlarında ciddi artımların olmayacağını göstərir.
Bəs sosial müavinətlər və təqaüdlərlə bağlı nələr dəyişəcək?
Pensiyaların sığorta hissəsi 9,2 faiz artacaq
Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-ci il dövlət büdcəsinə dair rəyinə görə, gələn il əmək pensiyalarının sığorta hissəsinin illik inflyasiya səviyyəsinə uyğun olaraq 9,2 faiz indeksləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə DSMF-nin büdcəsində əlavə olaraq 635 milyon manat maliyyə yükü yaranacaq.
Qeyd edək ki, növbəti il DSMF-in xərcləri 8,5 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 880,39 milyon manat və ya 11,6 faiz çoxdur. Artımın 787,51 milyon manatı və ya 97,6 faizi əhaliyə ödənişlər üzrə xərclərin payına düşəcək.
”Əhaliyə ödəniş” xərclərinini strukturuna əmək pensiyaları və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət xərcləri daxildir.
2026-cı ildə əmək pensiyalarının ödənilməsi xərcləri cari illə müqayisədə 782,35 milyon manat və ya 10,8 faiz artaraq ümumilikdə 8 milyard manat təşkil edəcək. Artan vəsait əsasən pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinə yönəldiləcək.
Bundan əlavə, gələn il əlilliyə görə pensiya xərclərinin 9,1 faiz, ailə başçısını itirməyə görə pensiya xərclərinin isə 19,4 faiz artacağı gözlənilir. Ailə başçısını itirməyə görə pensiyaların artması, əsasən hərbi qulluqçuların ailələrinə verilən pensiyalarda xidmət stajına görə hesablanan əlavələrin əvvəlki 35–50 faizdən 80 faizə qaldırılması ilə izah olunur.
Məcburi dövlət sosial sığorta xərclərində ixtisarlar
Məcburi dövlət sosial sığorta haqları (yəni muzdlu işçilərin ödəmələri) hesabına müavinətlər üzrə xərclər 2026-cı ildə 203,5 milyon manat olacaq. Bu, cari ilin proqnozu ilə müqayisədə 5,16 milyon manat və ya 2,6 faiz çoxdur. Cari ilin icra gözləntiləri ilə müqayisədə isə artım 12,18 milyon manat və ya 6,4 faiz təşkil edəcək.
Yeri gəlmişkən, Hesablama Palatasının rəyindən aydın olur ki, DSMF 2025-ci ildə sosial müavinət ödənişlərini tam icra etməyəcək. Belə ki, 2025-ci il üçün 198,4 milyon manat nəzərdə tutulsa da, ilin sonunda icra 7 milyon manat az olacaq. Xərclərdə ixtisar əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər üzrə aparılacaq. Bu istiqamətdə kəsilən xərc 5,4 milyon manat həcmində olacaq.
Bununla yanaşı, 2026-ci ilin büdcə proqnozlarına görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətlər 4,65 faiz, hamiləliyə və doğuma görə müavintələrdə 9,23 faiz, uşağın anadan olmasına görə müavinətlərdə 11,18 faiz artacaq.
Məcburi dövlət sosial sığorta haqları hesabına müavinət üzrə xərclərin tərkibində ən yüksək xərc elementi hamiləliyə və doğuma görə verilən müavinətlərdir. 2025-ci ildə 19,3 min işləyən qadına 71 milyon manat məbləğində analıq məzuniyyətinə görə müavinət verilməsi proqnozlaşdırılır. Statistika göstərir ki, son illər analıq məzuniyyətinə çıxan qadınların sayında ciddi azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə 20 min qadın, 2024-cü ildə 18,9 min qadın hamiləliyə və doğuma görə müavinət alıb. 2025-ci ildə isə hələ ki əvvəlki illə eyni səviyyədə qalacağı proqnozlaşdırılıb.
Hesablama Palatasının rəyində müavinətlər üzrə xərclərdə proqnozlaşdırılan artım ehtiyat addım olaraq dəyərləndirilir. Yəni burada sosial müavinət məbləğlərinin artımından deyil, bu xərclər üzrə kəsirlərin yaranmaması üçün xərclər artıq proqnozlaşdırılıb.
Ölkədə doğulan uşaqların 42 faizinin valideyni işsizdir
Uşağın doğulmasına görə müavinət xərcləri növbəti il 14,2 faiz, cari ilin icra göstəriciləri ilə müqayisədə isə 11,2 faiz artacaq. Lakin bu müavinəti alacaq ailələrin sayı 4,8 faiz azalacaq.
Qeyd edək ki, gələn il işləyən ailələrdə doğulan uşaqlara görə müavinət alanların sayının 66,6 min nəfərə çatacağı gözlənilir. 2025-ci ilin sonuna 70 min uşağa görə birdəfəlik müavinət verilməsi prqonozlaşdırılır. 2024-cü ildə bu rəqəm 64,4 min nəfər olub.
Ümumilikdə, birdəfəlik müavinətlər üzrə təhlil aparsaq, ölkədə doğulan uşaqların 42 faizinin valideyninin işsiz olduğunu görərik. Belə ki, 2024-cü ildə 109,5 min uşağa birdəfəlik müavinət ödənilib. Onlardan 45,1 min uşaq tam işsiz valideynlər, 64,4 mini ata və ya anası işləyənlər təşkil edib.
Birdəfəlik müavinətin məbləği 1 iyul 2025-ci ilədək 500 manat idi, bu tarixdən sonra məbləğ 600 manata qaldırılıb. HP-nın rəyində göstərilir ki, cari ilin I yarımillik dövründə uşağın doğulmasına görə müavinət alanların sayı 7,9 azalıb. 2023-cü illə müqayisədə 2024-cü ildə müavinət alanların sayı 2,9 faiz azalıb.
“Cari ilin sonunda ötən illə müqayisədə müvafiq istiqamət üzrə müavinət alanların say göstəricisinin azalma tendensiyası davam edəcək. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən respublika üzrə diri doğulmuş uşaqların sayı 2022-ci ildə 122846 nəfər, 2023-cü ildə 112620 nəfər, 2024-cü ildə isə 102310 nəfər olub. Göründüyü kimi, yeni doğulan uşaq sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 8,3%, 2023-cü illə müqayisədə isə 2024-cü ildə 9,2% azalma tempinə malik olub”, – rəydə bildirilir.
Xatırladaq ki, 2026-cı ildə DSMF-nın gəlirləri 8,3 milyard manat proqnozlaşdırılır. Onun 6,5 milyard manatı və ya 79,2 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Dövlət büdcəsindən Fonda transfert isə 1,7 milyard manat olması nəzərdə tutulub.
Meydan.tv