Gürcüstan prokurorluğu “Akkord”-un tikdiyi körpü çöküşünü korrupsiya ilə əlaqələndirib
Gürcüstan Baş Prokurorluğu dövlətin maliyyələşdirdiyi yol layihəsində körpünün çökməsi ilə bağlı korrupsiya və saxta sənədlər hazırlamaq ittihamları irəli sürüb.
Prokurorluq 2018-ci ildə dövlət sifarişi ilə həyata keçirilmiş bu layihədə Avtomobil Yolları Deartamentinin keçmiş rəsmisini və dörd digər şəxsi mənimsəmə və səlahiyyətlərdən sui-istifadə ittiham edir.
“Korrupsiya Cinayətlərinə Qarşı Mübarizə” Bölməsinin rəhbəri Malxaz Kapanadze bildirib ki, Avtomobil Yolları Departamentinin keçmiş sədr müavini Kupataşvili yeganə adı çəkilən təqsirləndirilən müttəhim kimi saxlanılıb, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə halları təsdiqlənərsə 11 ilə qədər həbs cəzası ala bilər.
Dörd nəfər isə axtarışdadır: bunlar arasında Azərbaycanın “Akkord” tikinti şirkətinin adı açıqlanmayan direktoru, iki layihə meneceri və beynəlxalq konsorsiumun baş mühəndisi var. Onlar saxtalaşdırma və mənimsəmə üzrə ittihamlarla 9 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ala bilərlər.
2023-cü ilin fevralında Qərbi Gürcüstanda, Samtredi‑Grigoleti magistral yolunda tikinti mərhələsində olan körpü sel nəticəsində zədələnib və daha sonra çöküb. Hadisə nəticəsində heç bir insan itkisi olmayıb.
Prokurorluğun iddiasına görə, “Akkord” şirkətinin nümayəndələri sahədə heç yerinə yetirilməmiş işlər üçün nəzarət sertifikatlarını saxtalaşdırıb və həmin konsorsiumun mütəxəssisi də bunu təsdiqləyib. Kupataşvili bu sənədləri təsdiqləmə və mütəxəssisə 1 172 539 larinin (təxminən 427.935 ABŞ dolları) ödənilməsinə icazə verməkdə günahlandırılır.
Şirkətin mülkiyyət quruluşu qeyri-şəffaf olaraq qalır, çünki Azərbaycan qanunvericiliyinə əsasən 2012-ci ildən bəri korporativ məlumatlar kommersiya sirri hesab olunur. Gürcüstanın 2022-ci il sənədlərinə görə, “Akkord”un Azərbaycandakı əsas şirkətinin səhmlərinin 51 faizi “VIP Estate”-ə, 49 faizi isə şirkətin Müşahidə Şurasının sədri Dərya Vəliyevə məxsusdur. Əvvəlki sənədlər “VIP Estate”-in ilkin səhmdarının “Solos MMC” olduğunu göstərir; şirkətin qanuni nümayəndəsi isə iş adamı və keçmiş Vergilər Nazirliyinin əməkdaşı Əşrəf Kamilov idi, lakin onun hələ də prosesdə iştirak edib-etmədiyi aydın deyil.
Əşrəf Kamilov “AtaHolding”in işçisi olub və bu holdingin payçı olduğu iki bankda – “VTB Bank” və “AtaBank”da payçıdır. “AtaBank” “AtaHolding”ə məxsusdur. “AtaHolding” özü isə Əliyevlərin ailəsinin nəzarətindədir.
Eyni zamanda, Kapanadze bildirib ki, “Akkord” şirkəti körpünün uçmasına səbəb olan natamam və ya keyfiyyətsiz işlərə görə əlavə 3.859.678 lari (1,4 milyon ABŞ dolları) məbləğində “saxtakarlıqla” pul əldə edib. Bərpa xərcləri də daxil olmaqla, dövlətə dəyən zərər 16 milyon laridən (5,8 milyon ABŞ dolları) çoxdur.
Xəbərdə həmçinin qeyd olunur ki, “Akkord” şirkətinin və onun Gürcüstan filialının mülkiyyəti və strukturu tam şəffaf deyil.