Həyat yoldaşı ilə eyni iş yerində işləyənlər üçün...
Həyat yoldaşı ilə eyni iş yerində işləmək bəzi ailələrdə heç bir problemə səbəb olmasa da, bəzilərində ciddi problemlərə səbəb olur. Əslində, ən yaxşısı ailədə tərəflərin eyni iş yerində işləməmələridir. Çünki belə olduqda “ailə rolu” ilə “"iş rolunu” ayırmaq çətin olur. Bu isə çox vaxt tərəflər arasında anlaşılmazlıqlara gətirib çıxarır. Belə ki, tərəflər şəraitdən asılı olmayaraq, bir-birilərindən diqqət gözləyirlər. Halbuki, iş şəraiti ev şəraiti ilə müqayisədə daha mücərrəddir.
İş həyatında tərəflərin bəzən bir-biriləri ilə eyni mühitdə olması da istisna deyil. Təbii ki, belə hallar tərəflərdə qarşılıqlı problemlərə səbəb olur və bu, bəzən evdəki münasibətlərə də öz təsirini göstərir. Digər tərəfdən, iş həyatında tərəflərin bir-birilərini nəzarətdə saxlaması və təbii olaraq, bir-birilərinə məhdudiyyətlər qoyması da tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər.
Həyat yoldaşlarının eyni iş yerində işləmələrinin başqa bir mənfi cəhəti də tərəflər arasında həsrət hissinin olmamasıdır. Çünki tərəflər əsasən bir-birilərindən səhərlər ayrılır, axşamlar və ya iş rejimindən asılı olaraq günün başqa saatlarında bir-biriləri ilə görüşürlər. Bu isə onlarda həyat yoldaşına qarşı həsrət hissinin formalaşmasına səbəb olur. Ancaq eyni iş yerində işləyən tərəflər bu hissdən məhrum qalırlar.
Elə isə bütün bunların qarşısını almaq üçün nə etmək olar:
- Hər şeydən əvvəl istər evdə, istər işdə rollarınızı düzgün bölüşməlisiniz.
- Evdə işlə bağlı, işdə evlə bağlı məsələlərdən danışmamalısınız.
- İşdəki problemləri evdə, evdəki problemləri işdə hiss etdirməməlisiniz.
- İşdə işdəki vəzifələrinizi, evdə evdəki vəzifələrinizi yerinə yetirməlisiniz.
- Bir iş yoldaşı və ya həyat yoldaşı olduğunuzu unutmadığınız kimi, bir ata və ya ana olduğunuzu da unutmamalısınız.
Bir sözlə, unutmayın ki, evə girəndə yeni bir dünya başlayır və bu dünyaya hər ikinizin ehtiyacı var.
Aygün Vəliyeva