Sosial şəbəkədə biz:
Həyətlərə dolan suyun çəkilməsi hansı qurumun işidir?
Xəbər Şəkli

Həyətlərə dolan suyun çəkilməsi hansı qurumun işidir?

01 April 2026, 16:19
Sosial

Ötən həftə paytaxt Bakıda yağan aramsız leysan yağışları fərdi yaşayış evlərində ciddi problemlərə yol açıb.
Sosial şəbəkələrdə fərdi ev sahibləri yağış sularının həyətyanı sahələri və zirzəmiləri basması ilə bağlı çoxsaylı şikayətlər paylaşırlar.
Paytaxtın Qobu qəsəbəsində yaşadığını qeyd edən bir sakin, sosial media hesabında kadrlar paylaşıb və yağışlardan sonra həyətinə təxminən 150 kubmetr su dolduğunu iddia edib. Həmin şəxs həyətdəki suyun boşaldılması üçün müvafiq texnikası olan usta axtardığını bildirib:
“Hörmətli ustalar, Qobu ərazisində həyətimdə təxminən 150 kub su var. Onu drenaj quyusundan 20 m məsafədə yerləşən kanalizasiya quyusuna drenaj motoruyla vurmaq lazımdır. Usta qiymətini, drenaj nasosunun icarə qiymətini və ya özündə olanı götürüb gətirməklə qiymətini qeyd edin”, - deyə həmin şəxs qeyd edib.


Sosial şəbəkələrdə bənzər paylaşımların kütləvi xarakter aldığını nəzərə alaraq, vətəndaşlara bu növ hallarda hansı qurumun kömək edə biləcəyini dəqiqləşdirmək üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirildi ki, bu məsələ onların səlahiyyətinə daxil deyil və aidiyyəti orqanlara müraciət etmək tövsiyə olunur:
“Bu, FHN-in səlahiyyətinə aid məsələ deyil. Vətəndaşlar yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti rayonun Fövqəladə Hallar Komissiyasına müraciət edə bilərlər”.