Mingəçevir şəhər Sukanal İdarəsinin işçiləri: “Yeni sədr işçiləri istismar edir”
Mingəçevir şəhər Sukanal İdarəsinin işçiləri idarə rəisi Əhmədov Elmar İslam oğlundan şikayətçidir.
Adının çəkilməsini istəməyən işçilər Meydan TV-yə deyir ki, idarəyə yeni təyin olunan rəis Elmar Əhmədov işçiləri əmək müqaviləsində göstərilən saatdan artıq işlədir, onları istismar edir. Bundan əlavə pensiya yaşına az qalan işçiləri işdən çıxmağa məcbur edir.
“İdarəyə gəldiyi gündən kütləvi şəkildə işdən çıxarılma halları başlayıb. Və onların yerinə öz tanıdığı adamları – dostunu, köhnə iş yoldaşlarını işə götürür. Tez-tez səbəbsiz yerə inzibati tənbehlər verir. 170 nəfər işçinin hardasa yarısına inzibati tənbeh, xəbərdarlıq, şiddətli töhmət verib. İş saatı 6-da bitən işçini daha çox işləməyə məcbur edir. İşçiləri polislə hədələdiyi üçün hər kəs ərizə yazıb çıxmağa razı olur”,- deyə işçilər bildirib.
İşçilər deyir ki, dəfələrlə Dövlət Əmək Müfəttişliyinə müraciət etsələr də, cavab ala bilməyiblər. Onlar məhkəməyə müraciət edəcəklərini bildirirlər.
Meydan TV-nin sorğusuna cavab olaraq Mingəçevir Sukanal İdarəsindən verilən məlumata görə, idarəyə yeni rəis təyin olunan gündən, yəni 2025-ci il iyulun 1-dən bir neçə nəfər öz ərizəsi ilə işdən azad olunub. 
Mingəçevir şəhər Sukanal İdarəsi. Foto: İdarənin rəsmi Facebook səhifəsi
“Onların arasında təqaüd yaşına çatmış əməkdaşlar da var. Həmçinin işdə yol verdikləri nöqsanlara görə bəzi əməkdaşlara xəbərdarlıqlar edilib, onlar arasında töhmət alanlar da var. Bütün bu proseslər Əmək Məcəlləsinin tələblərinə tam şəkildə əməl olunmaqla icra edilib. Digər ittihamlara gəldikdə isə qeyd olunanlar əsassızdır və hər hansı cavaba ehtiyac yoxdur”, – Mingəçevir Sukanal İdarəsindən verilən cavabda belə deyilir.
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, Azərbaycanın Əmək Məcəlləsində bu qanunvericiliyin yerinə yetirilməsinə iki qurum- Həmkarlar İttifaqı və Dövlət Əmək Müfəttişliyi nəzarət edir. Lakin Əmək Müfəttişliyinin səlahiyyətləri bir neçə il öncə əlindən alınıb. Qəhrəmanlı bunun səbəbini parlamentin qəbul etdiyi qərarlarla bağlı olduğunu qeyd edir. O deyir ki, parlamentdə deputatların çoxu işəgötürəndir və qərarlar işəgötürənin xeyrinə dəyişdirilib.

“Çox təəssüf ki, bir neçə il əvvəl Dövlət Əmək Müfəttişliyinin səlahiyyətləri əlindən alınıb. Bu da onunla əlaqədardır ki, parlamentin qəbul etdiyi qərarlarda dəyişikliklər işəgötürənin xeyrinə olub. Çünki parlametdə deputatların çoxu işəgötürəndir. Bundan əvvəl Dövlət Əmək Müfəttişliyi gedib idarə və müəssisələrdə ərizənin icrasını yoxlayırdı. İndi bu qurum işçi müraciət edəndə onu məhkəməyə yönləndirir. Qurum 2024-cü ildə respublika üzrə 47 nəfəri işə bərpa edib və bu çox az göstəricidir”.
Hüquq müdafiəçisi də hüququ pozulan işçilərin məhkəməyə müraciət etməsini tövsiyə edir.