Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi azaldılır
2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq ki, bu da cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur.
Bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Nazir qeyd edib ki, bununla da cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülən hissəsi 88 faiz proqnozlaşdırılır. S.Babayev bildirib ki, qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcək: “Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Bu daxilolmaların 3,6 milyard manatı konsorsiumlar və ARDNŞ-in, 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür”.
S.Babayev vurğulayıb ki, qeyri-neft gəlirlərində artım hesabına 2026-cı ildə Fonddan dövlət büdcəsinə transfertin həcmi 1,7 milyard manat azalacaq:
“Bu amil Dövlət Neft Fondunun ehtiyatlarının qorunması strategiyamıza tam uyğundur. Beləliklə, cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq”.
Musavat.com