Plastik əməliyyatdan sonra səhhəti pisləşən qadın 2 ildir ədalət axtarır: “Prokurorluq işi araşdırmır”
Lalə Ayvazlı adlı vətəndaş prokurorluq orqanları, eyni zamanda da Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətindən şikayətçidir.
Narazılığa səbəb 2022-ci ildə plastik, rekonstruktiv və estetik cərrah Səkinə Xudiyevanın onun üzərində keçirdiyi bir neçə əməliyyatdan sonra səhhətində yaranan ciddi problemlərdir.
Lalə Ayvazlı hələ 2023-cü ildə Meydan TV-yə məsələ ilə bağlı danışmışdı. İddiasına görə, həkim eyni vaxtda başqa bir pasiyentin də əməliyyatını edib və nəticədə onu doqquz saat narkoz altında, qanaxmada saxlayıb. “Mənim əməliyyatımı dayandırıb, sonra həmin xəstəni əməliyyat edib, təkrar bir də mənim əməliyyatımı davam etdiriblər. Nəticədə, beş faiz hemoglobinlə, ölümcül vəziyyətdə əməliyyatdan çıxdım. Hemoqlobin səviyyəm 5.9 faiz idi. Dörd gün qızdırmalı yatdım. Həmin vəziyyətdə məni evə göndərdilər. Bu hadisədən sonra demək olar ki, iki ay apteklər mənim evimə daşındı. Xəstəxanadan evə buraxılandan sonra mərkəzi sinir sistemim pozulub, böyrəyimdə kiçilmə, ürəyimdə aritmiya yaranıb. Şəkər xəstəliyinə tutulmuşam”, - Lalə Ayvazlı demişdi. Baş verənlərdən sonra zərərçəkən Nəsimi Rayon Prokurorluğuna müraciət etmişdi.
Meydan TV-yə üz tutan vətəndaş bildirir ki, prokurorluq orqanları da, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də şikayətini araşdırmırlar:
“İki xəstənin eyni vaxtda əməliyyat olunması faktına prokurorluq qiymət verməli olduğu halda, məsuliyyətdən yayınaraq guya Məhkəmə-Tibbi Ekspertizasının cavabını gözlədiklərini bildirdilər və nəticədə mənim əleyhimə qərar qəbul etdilər. Ancaq bu qərar baş prokurorun müavini Elçin Məmmədov tərəfindən ləğv edildi”, – Lalə Ayvazlı deyir.
O bildirir ki, ikinci dəfə keçirilən ekspertizaya getməyib və işə baxan prokurorun dəyişdirilməsini tələb edib.

“Bundan sonra iş Yasamal Rayon Prokurorluğuna göndərildi. Təəssüf ki, bu dəfə də heç nə dəyişmədi. Müstəntiq Tamerlan Sadıqov da fərqli heç bir iş görmədi. Yenə də nə kamera görüntülərinə baxıldı, nə də xəstəxanada araşdırma aparıldı. Mənimlə eyni vaxtda, eyni həkim tərəfindən əməliyyat olunan xəstə belə şahidlik etsə də, Yasamal Rayon Prokurorluğu bu cavabı da görməzdən gəldi. Baş prokuror Kamran Əliyev mənim işimlə bağlı Yasamal Rayon Prokurorluğunun iki qərarını ləğv edib ki, iş düzgün araşdırılsın. Vitse-prezident Mehriban Əliyeva, Səhiyyə Nazirliyi, Analitik Ekspertiza Mərkəzi, Vergilər İdarəsi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişəm. Yasamal Rayon Prokurorluğundan iş alınaraq Səbail Rayon Prokurorluğuna verilib. Lakin bu prokurorluq da heç bir araşdırma aparmır”.
2024-cü ilin noyabrında jurnalist Qənirə Ataşova saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi alan 50-yə yaxın tibb işçisinin siyahısını yayıb. Onun sözlərinə görə, bu şəxslər rezidentura təhsili almadan Səhiyyə Nazirliyinə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişiblər. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə 2023-cü ilin sonlarından 2024-cü ilin fevralınadək qanunsuz fəaliyyət göstərən plastik cərrahlarla bağlı araşdırma aparıldığını bildirib. Bu müddətdə 35 plandankənar yoxlama keçirilib və 14 müəssisəyə cərimə tətbiq olunub. Nazirlik cərimələnən tibb müəssisələrinin adlarını açıqlamamışdı.
Lalə Ayvazlı Meydan TV-yə Səkinə Xudiyevanın da sənədlərinin saxta olduğunu iddia edir:

“Təəssüf ki, hətta bundan sonra da Yasamal Rayon Prokurorluğu mənim əleyhimə qərar çıxardı. Sənədlərinin saxta olmasına baxmayaraq, bu həkim üç ildir ki, prokurorlar tərəfindən qorunur. Hazırda Səkinə Xudiyeva “Badam” klinikasında qanunsuz əməliyyatlar həyata keçirir. Bu müddət ərzində Baş Prokurorluğa dəfələrlə Məhkəmə-Tibbi Ekspertizanın direktoru Ədalət Həsənov barəsində hüquqi araşdırma aparılması üçün müraciət etmişəm. İki ildə bir dəfə də olsun Ədalət Həsənov barəsində araşdırma aparılmayıb. Hətta Prezident Administrasiyası, Fuad Ələsgərov, Mehriban Əliyeva və Baş Prokurorluğun özündən də buna aid müraciətlər daxil olub. Ancaq Yasamal Rayon Prokurorluğu araşdırma aparmır. Ədalət Həsənov mənim əməliyyat zamanı baş verən qanun pozuntularını və əməliyyatdan sonra ağır vəziyyətdə evə göndərilmə faktını görməzdən gəlir. Ekspertiza həkimləri əməliyyatlarımın düzgün aparılmadığını qeyd etsələr də, Ədalət Həsənov bunları rəydə gizlədir və Mehriban Əliyevanın müraciətinə yalan cavablar verir. Tələb edirəm ki, həm Səkinə Xudiyeva, həm də Ədalət Həsənov barəsində araşdırılma aparılsın”.
Bu ilin iyununda mətbuatda dərc olunan materialda isə qeyd olunurdu ki, fəaliyyətinə icazə verilməyən plastik cərrahlar yenə də iş başındadır.
Yazı hazırlandığı müddətdə Meydan TV-nin Baş Prokurorluğa və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərdiyi sorğular cavablandırlmayıb.
Həmçinin “Badam” klinikasından da məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Səkinə Xudeyavanın “TikTok” səhifəsində “Badam” klinikasında işlədiyi göstərilib və əlaqə nömrəsi qeyd olunub.
Meydan TV həmin nömrə ilə əlaqə saxlayıb, özünü Səkinə Xudiyevanın köməkçisi kimi təqdim edən qadın həkimin nəinki “Badam”, ümumiyyətlə, heç bir klinikada işləmədiyini bildirib. “TikTok” səhifəsində yazılanları isə inkar edib.